Şükufə Yusupova ad gününü Musiqili Teatrda qeyd etdi

Mayın 30-u Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Şükufə xanım Yusupovanın doğum günüdür. Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Şükufə xanım Yusupova ad gününü neçə illərdir ki, əməkdaşlıq etdiyi Musiqili Teatrın səhnəsində qeyd edib.

Belə ki, sevilən aktrisa dünən Xalq yazıçısı İlyas Əfəndiyevin məşhur “Mənim günahım” pyesi (tamaşanın musiqisi SSRİ Xalq artisti, ölməz bəstəkarımız Qara Qarayevə məxsusdur) əsasında hazırlanan eyniadlı səhnə əsərində onu sevənlərin qarşısına çıxıb. Balet-tamaşa həmişə olduğu kimi, bu dəfə də tamaşaçılar tərəfindən böyük coşqu və alqışlarla qarşılanıb.

Tamaşanın sonunda gül-çiçək dəstələri təqdim olunan aktrisanın şərəfinə orkestr məşhur “Happy birthday to you” musiqisini səsləndirib və tərəf-müqabilləri onun üçün hazırlanan tortu səhnəyə çıxarıblar. Bu sevincdən, bu şirinlikdən Şükufə xanımın fanatlarına da pay düşüb. Qeyd edək ki, səhnə əsərində rolları Şükufə xanım Yusupova ilə yanaşı, Respublikanın Əməkdar artisti İlham Hüseynov və gənc balet ifaçısı Cəlalə Novruzlu ifa edirlər. Tamaşanın quruluşçu rejissoru Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysteri Yelena Ağayeva, quruluşçu rəssamı Gəncə Dövlət Dram Teatrının rəssamı Elnur Axundov, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: