IqtisadiyyatPR-TanıtımTəqdimat

Sumqayıt Texnologiyalar Parkının ifrat yüksək gərginlikli kabelləri Moskvada nümayiş olunub

Sumqayıt Texnologiyalar Parkı17-19 mart 2019-cu il tarixlərdə Moskva şəhərində keçirilən CabEx- Beynəlxalq Kabel, Naqil, Bərkitmə qurğuları və Quraşdırma texnologiyalarının 19-cu Beynəlxalq  Sərgisində iştirak edib.  STP bu sərgidə  regionda yeganə istehsalçısı olduğu  500 kV-a qədər olan ifrat gərginlikli kabel məhsullarını dünyanın ən böyük energetika bazarlarından biri olan Rusiyanın şirkətlərinə və dövlət qurumlarına təqdim edib.  Sərgidə STP ilə yanaşı 9 ölkədən 154 şirkət  iştirak edib. Burada təqdim  olunan məhsullarla tanış  olmaq və iştirakçı şirkətlərlə danışıqlar aparmaq üçün  35 ölkədən və Rusiyanın 66 bölgəsindən ümumilikdə 4326 şirkət sərgini ziyarət edib.

Sumqayıt Texnologiyalar Parkı  CabEx sərgisində ifrat gərginlikli kabel məhsulları ilə yanaşı “MadeinAzerbaijan” brendi altında istehsal etdiyi partlayışa davamlı elektrik birləşdirici qutuları, elektrik yuvaları, elektrik panelləri və digər  məhsullarını da nümayiş etdirib.

Sərgi zamanı STP-nin əməkdaşları ziyarətçiləri texnoparkın məhsulları, istehsal  prosesi və üstünlükləri, şirkətin zavodları və istehsal istiqamətləri  haqda  məlumatlar əks olunan müxtəlif təşviqat materialları paylayıblar. Bundan başqa  onlar sərgi müddətində 100-ə yaxın digər şirkətlərin nümayəndələri ilə fərdi görüşlər  keçirərək biznes əlaqələrinin qurulması imkanlarını dəyərləndiriblər.

Sumqayıt Texnologiyalar Parkının Kabel Zavodu regionun ən iri, yüksək texnologiyaya malik kabel istehsalçılarından biridir. 2009-cu ildə fəaliyyətə başlayan müəssisədə istehsal prosesi yalnız Avropa texnologiyası əsasında həyata keçirilir. STP kabellərinin istehsalında yüksəl keyfiyyətli xammaldan istifadə olunur və yekun məhsul müasir dünya səviyyəli laboratoriyada sınaqlardan keçirilir. Burada quraşdırılmış laboratoriyalarda alçaq, yüksək və 500 kV-a qədər yüksək gərginlikli kabellər test edilərək keyfiyyəti yoxlanılır. Xüsusi olaraq vurğulanmalıdır ki,  500 kV-luq ifrat gərginlikli kabel dünyada  cəmi 6 ölkədə istehsal olunur və bu ölkələrdən biri də Azərbaycandır.

Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı (STP) regionda texnoparklarınyaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Park 2009-cu il dekabr ayının 22-də dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilib. Hazırda  STP-də  mövcud  olan 13 zavodda 30-dan çox  istehsal sahəsi fəaliyyət göstərir.  Zavodlar kompleksi neft və qaz, tikinti, energetika və kənd təsərrüfatı sənayesi üçün  geniş  çeşiddə  məhsullar istehsal edir.  Kabel, Polimer boru,  elektrik avadanlıqları,  metal konstruksiyalar, qəliblər, press formalar və  ştamplar bu məhsullardandır.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!