“Təmiz ölkəm” paytaxt şagirdləri arasında ekoloji maarifləndirmə həyata keçirir

“ADA” universitetinin, “ADA Universiteti” Fondunun, Coca-Cola Fondunun təşkilatçılığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə “Təmiz ölkəm” layihəsinin növbəti mərhələsində məktəblərdə ekoloji maarifləndirmə təlimləri keçirilir. Bu dəfə layihə çərçivəsində 132-134 nömrəli məktəb kompleksində plastik tullantıların qarşısının alınması ilə bağlı maarifləndirici dərs baş tutdu.Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin mütəxəssisi və ADA Universiteti Fondunun sponsorluq layihələri şöbəsinin direktoru Firuzə Əliyeva şagirdlərə plastik, onun yaranma tarixi, istifadəsi, tullantıya çevrildiyi halda təbiətə vurduğu ziyan barədə ətraflı məlumat veriblər. İnteraktiv üsullarla keçirilən dərsdə uşaqlar əyani olaraq plastiklərdən hazırlanmış əşyalar, onlardan düzgün yararlanma, plastik tullantıların qarşısının alınması yolları, plastiklərə alternativ materiallar haqqında məlumatlandırılıblar.

“Müasir zamanda ən çox istifadə olunan, ən çox tələb duyulan materiallardan biri də plastikdir. Ucuz və davamlı olması plastiki məişətimizin əvəzolunmaz hissəsinə çevirib. Amma plastik tullantıya çevrilərsə, onun təbiətə vurduğu ziyan ölçülməzdir. Bu məqsədlə də biz, məktəblərdə plastik materialların tullantıya çevrilməməsi üçün maarifləndirici işlər aparırıq. Təbiəti qorumaq, ekoloji tarazlığı bərpa etmək gənc nəslin üzərinə düşən məsuliyyətli işdir. Biz bu işdə onları maarifləndirmək, onlara doğru olanı göstərmək üçün çalışırıq” deyə Firuzə Əliyeva bildirib.

Gənc nəslin ekoloji maariflənməsi missiyasını üzərinə götürmüş Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi mütəmadi olaraq paytaxt məktəblərində şagirdlərlə görüşərək müxtəlif ekoloji dərslər, layihələr gerçəkləşdirir. “Ekoklub”ların təşkil olunmasında əsas məqsəd gənclərin ekoloji hərəkatının genişləndirilməsi, məktəblilərin ekoloji biliklərinin artırılması, gənc nəsildə ekoloji mədəniyyətin və ətraf mühitin qorunması sahəsində xüsusi bacarıqların formalaşdırılmasıdır. “Təmiz ölkəm” layihəsi çərçivəsində ADA universitetinin nümayəndələri də  bu dərslərə qatılaraq şagirdlərə layihə, onun məqsədləri barədə ətraflı məlumat verir.

Qeyd edək ki, “Təmiz ölkəm” layihəsi“ADA” universitetinin, “ADA Universiteti” Fondunun, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Coca-Cola Fondunun və AzEkol şirkətinin birgə tərəfdaşlığı ilə həyata keçirilir. Layihənin məqsədi insanlar arasında maariflәndirmә işləri aparmaq, cəmiyyətdə təkrar istehsal ənənəsini formalaşdırmaq, plastik qabların toplanaraq tәkrar istehsala göndәrilməsini təbliğ edir.

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: