Tahir Əmiraslanov Dubay Qastronomiya Festivalında

Dubay Qastronomiya Festivalı (DFF) dalbadal beş ildir dünyanın hər yerindən ağzının dadını bilən, fərqli ləzzətlər və parlaq təəssüratlar axtarışında olan insanları cəlb edir.

Bu il Dubay Qastronomiya Festivalı fevralın 22-dən martın 10-dək keçirilir. Beşinci festivalın 17 günlük proqramı Dubayın kulinariya xəritəsinin müxtəlifliyini əks etdirir, qeyri-adi ləziz yemək pərəstişkarlarına heyrətamiz qastronomik hisslər keçirmək imkanı verir. Bu festival təkcə zəngin Şərq mətbəxi aləminə baş vurmaq imkanı deyil, həm də mütərəqqi restoran meyilləri ilə tanış olmaq fürsəti verir.

Budəfəki festivalın qonaqları Azərbaycan, Rusiya və Qazaxıstanın qastronomiya sahəsində ekspertləridir. Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov, Moskvadakı “Selfie” restoranının baş aşpazı Anatoli Kazakov və Qazaxıstan Baş Aşpazlar Assosiasiyasının prezidenti, teleaparıcı Aleksandr Trequbenko Dubayın çoxşaxəli qastronomik imkanları ilə tanış olmaq üçün bu Əmirliyə yola düşüblər.

Aşpazlar Dubayın qastronomik xəritəsini sahil xətti boyunca yerləşən “Beach Canteen” ənənəvi festival məkanında öyrənməyə başlayıblar. Burada yerləşən çoxsaylı kafe və fudtraklarda (kafe-furqonlarda) yerli fast food çeşidlərinin, məşhur restoranların kornerlərində (pavilyonlarında) ləziz mətbəx təamlarının dadına baxmaq olar.

Sonra qastronomiya ekspertləri şəhərdə müxtəlif milli mətbəxlərin yeməklərinin təqdim olunduğu məkanları axtarmağa yola düşüblər. Onlar “gizlin incilər”in axtarışı zamanı hind üslubunda sadə, amma çox özünəməxsus “Grub Shack” kafesində, Əmirliyin ənənəvi reseptlərini təbliğ edən “Smart Cafe and Restaurant”da olublar.

Tahir Əmiraslanov festival barədə təəssüratlarını bölüşərək deyib: “Dubay müxtəlifliyi ilə heyrətləndirir. Sanki dünyanın bütün mətbəxləri bir şəhərdə cəmləşib və sən də dünyanın mərkəzindəsən: burada həm ərəb mətbəxi, həm hind mətbəxi, həm Avropa mətbəxi, xüsusən də fransız mətbəxi və s. təmsil olunub. Könlündən nə keçirsə, hamısı bir məkandadır. Statistikaya görə, turist ölkəni 82 faiz məhz qastronomik imkanlarına görə yadda saxlayır. Odur ki, belə festivalların keçirilməsi qastronomik rəngarəngliyi göstərmək, daha çox turist cəlb etmək, onlara “ölkəni dadmaq” fürsəti yaratmaqdır.

Ayrıca qeyd edək ki, baş aşpazların yaşadığı “Four Seasons Resort Dubai” kurortu “Jumeirah Beach” çimərliyində yerləşir. Geniş qastronomik imkanları ilə məşhur olan kurort hər il bu festivala qatılır. Festivalda ləziz təamlar təqdim edən restoran və kafelər cəmi 199 dirhəmə set-menyu tərtib edirlər.

Baş aşpazlar şəhərin tarixi hissəsinə gəzinti zamanı yerli şirniyyat, xurma növləri, zəngin Şərq ədvələri aləmi ilə tanış olacaqlar. Sonra onları səhraya səfər və bədəvi ərəblərin ənənələri ilə tanışlıq: ipək xalçalar, yastıqlar, açıq havada ocaq və altı xörəkdən ibarət şam yeməyi gözləyir. Proqrama şəhərin ən məşhur kafe və restoranlarının ən yaxşı yeməklərini təqdim etdikləri “Taste of Dubai” sərgisi ilə tanışlıq da daxildir.

Azərtac Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: