EventsFestivallarMədəniyyətSərgi

Tanınmış amerikalı rəssam Azərbaycan Xalça Muzeyində çıxış edəcək

25-27 oktyabr tarixlərində Bakı şəhərində keçiriləcək və Azərbaycan Xalça Muzeyinin ev sahibliyi edəcəyi “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumuna Amerika, Avropa və Asiya ölkələrindən çoxsaylı iştirakçılar qatılacaqlar.

Simpoziumun dünyaca məşhur qonaqlarından biri Mərkəzi Asiyanın qadın ayin və mərasimləri ilə bağlı tekstil ənənələrini araşdıran tanınmış amerikalı rəssam və müstəqil tədqiqatçı Kristin Martens (Nyu-York) olacaq. Kristin Martens “Sincanda uyğur keçəsi nümunələri: naxışlar, texnika və rituallar” mövzusunda məruzə ilə simpoziumda çıxış edəcək. Sənət nəzəriyyəçisi kimi Kristin Martens Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qazaxıstan və Monqolustanda çoxsaylı təcrübə proqramlarının təşkilatçısıdır. O, bu layihələri Fulbright Scholar (Fulbrayt təqaüd proqramı), fəaliyyət sahəsinə gender təhsili proqramlarının da daxil olduğu Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurasının (IREX) xətti ilə və Asiya Mədəniyyət Şurasının qrant alıcısı kimi təşkil etmişdir.

Qeyd edək ki, beynəlxalq simpoziumun təşkilatçıları Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyidir. Simpoziumun məqsədi türk dünyasının ümumi irsi sayılan keçə sənətinə həsr edilən elmi-tədqiqat işlərinin ideya mübadiləsi, bu sənət növünün adət və ənənələrinin qorunması, öyrənilməsi, ona marağın dirçəldilməsi, eləcə də, müxtəlif sahələrdə tətbiq edilməsidir. Simpozium çərçivəsində “Keçəçilik ənənə kimi”, “Keçə müasir incəsənətdə”, “Keçə moda dünyasında bir trend kimi” mövzularında müzakirələr aparılacaq. Simpozium çərçivəsində iki tematik sərgi, ustad dərsləri, keçə məhsullarının yarmarkası və feşn şou (fashion show) təşkil olunacaq.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!