Tbilisidə Formula-1 Azərbaycan Qran-prisinin təqdimatı keçirilib

Formula-1 Azərbaycan Qran-prisi ilə əlaqədar mayın 24-də Gürcüstan’ın paytaxtı Tbilisi şəhərində təqdimat mərasimi keçirilib.
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Azərbaycan Qran-prisinin təşkili ilə bağlı görülən işlər, Azərbaycan’ın sosial-iqtisadi, mədəni və turizm imkanları barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan artıq beynəlxalq idman yarışlarının təşkili sahəsində zəngin təcrübəyə malikdir.
BŞH Əməliyyat Şirkətinin kommunikasiya və əməliyyatlar şöbəsinin rəhbəri Bülənt Özerdin çıxışında Azərbaycan’ın beynəlxalq yarışların keçirilməsi barədə təcrübəsindən danışıb. Bildirib ki, Azərbaycan Qran-prisini Formula-1 rəhbərliyi, Beynəlxalq Avtomobil Federasiyası, eləcə də Bakıya səfər edən çoxsaylı mətbuat nümayəndələri, bilet almış çoxsaylı insanlar çox yüksək qiymətləndiriblər. İnanırıq ki, iyunun 23-24 və 25-də keçiriləcək Formula-1 Azərbaycan Qran-prisi də çox yüksək səviyyədə keçəcək.
Sonra Formula-1 Azərbaycan Qran-prisinin 2016-cı ildə keçirilmiş yarışları barədə video-çarx nümayiş etdirilib.
Azərbaycan’ın Gürcüstandakı səfiri Dursun Həsənov təqdimat mərasimində iştirak edib.
Nigar Arpadarai müsahibəsində deyib ki, Formula-1 yarışları təkcə Azərbaycan üçün deyil, region dövlətləri üçün də önəmli tədbirdir. Dünyanın müxtəlif ölkələrindən gələn turistlər paytaxt Bakını və respublikamızın regionlarını da görmək istəyirlər. Onlar, eyni zamanda, qonşu Gürcüstan’la da maraqlanırlar. Bunu nəzərə alaraq Tbilisi’yə gəlmişik. Məqsədimiz, gürcü mətbuatına Formula-1 haqqında geniş məlumatlar yaymaq, Gürcüstan əhalisini məlumatlandırmaqdır.
Onun sözlərinə görə, Formula-1 dünyada ən çox izlənilən idman tədbirlərindən biridir. Bu yarışlar futbol üzrə dünya çempionatı və yay olimpiya oyunlarından sonra televiziya auditoriyasında izlənməyə görə, üçüncü yerdədir. Buna görə də Formula-1 –in televiziya izləyiciləri çoxdur.
Bülənt Özerdim isə bildirib ki, Gürcüstan bizə dost və qonşu ölkədir. Keçən il bu ölkədən Azərbaycan’a xeyli qonaq gəlmişdi. Bu il satılan biletlərin 100-də 60-ı xarici ölkə vətəndaşlarının payına düşür. Dünyanın 50 ölkəsindən bilet sifarişi verilib. Artıq bəzi sektorlara satılan biletlər qurtarıb. Bu, xarici ölkə vətəndaşlarının Azərbaycan’a marağının artdığını sübut edir”.
Onun sözlərinə görə, bilet alan xarici ölkələr sırasında Gürcüstan vətəndaşları Rusiya, İngiltərə və Ukrayna’dan sonra dayanırlar.
B.Özerdim Formula-1 azərbaycan Qran-prisinin bu dəfə də çox yüksək səviyyədə keçiriləcəyinə inandığını bildirib.
Parvin Bayramov Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: