“15 iyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş bayram tədbiri keçirilib

İyunun 13-də YAP Səbail rayon təşkilatı və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə müasir müstəqillik tariximizin başlanğıcı hesab olunan əlamətdar tarix – “15 iyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş bayram tədbiri keçirildi.

Tədbirdə YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov, millət vəkilləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü prof. Hadi Rəcəbli, YAP Siyasi Şurasının üzvü, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru prof. Hikmət Babaoğlu, Milli Məclisin deputatları Cavanşir Paşazadə, Elşən Musayev, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev, Səbail rayonu ictimaiyyət nümayəndələri, müxtəlif idarə və təşkilatların əməkdaşları, partiya veteranları və gənclər iştirak etdilər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan bayram tədbirində əvvəlcə tariximizə “Milli Qurtuluş Günü” kimi daxil olmuş “15 iyun 1993-cü il” hadisələrinə həsr olunmuş videofilm nümayiş olundu.

Filmin nümayişindən sonra Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov Milli Qurtuluş Günü və Ulu öndər Heydər Əliyevin Azərbaycanın yeni tarixindəki böyük missiyasından və 1993-cü ilin 15 iyunundan sonra onun rəhbərliyi ilə xalqımızın ictimai, siyasi və mədəni həyatında baş verən dəyişikliklərdən danışdı və möhtərəm prezidentimiz cənab İlham Əliyevin, ölkəmizin birinci vitse-prezidenti, birinci xanımı Mehriban Əliyevanın müstəqil Azərbaycanımızın sosial-iqtisadi və mədəni həyatına verdiyi töhfələri qeyd edərək Vasif Adıgözəlovun fortepiano üçün bəstələdiyi “Prelüd” əsərini ifa etdi.

Daha sonra çıxış edən Şəmsəddin Hacıyev 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını şərtləndirən obyektiv və subyektiv faktorları və həmin dövrdə baş verən mürəkkəb prosesləri xronoloji ardıcıllıqla təhlil etdi. Deputat 1991-1993-cü illərdə ölkədə hökm sürən hərc-mərclikdən, Gəncə hadisələrindən, ölkəni parçalamaq istəyən şimalda və cənubda baş qaldıran separatçı qüvvələrin fəaliyyətindən, ölkənin iqtisadi və sosial cəhətdən tamamilə defolt vəziyyətində olmasından, Dağlıq Qarabağda işğalçı qüvvələrin törətdikləri qırğınlardan və ərazilərimizin işğalından, trasformasiya proseslərinin çətinliklərindən danışaraq ölkənin necə çətin vəziyyətdə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Ş.Hacıyev belə mürəkkəb vəziyyətdə xalqın öz xilaskarına üz tutmasının, respublikanın 91 ziyalısının Heydər Əliyevə müraciətinin, Azərbaycan xalqının təkidi ilə Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlməsinin Azərbaycanın həm siyasi, həm iqtisadi, həm sosial-mədəni qurtuluşunun əsasını qoyduğunu bildirdi. Müstəqil inkişaf tariximizin məhz 15 iyun tarixindən başladığını vurğulayan millət vəkili qeyd etdi ki, güclü strateq, görkəmli siyasi xadim və cəsarətli rəhbər olan Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə “Milli Qurtuluş Günü”ndən başlayan inkişaf yolumuz 2003-cü ildən yeni Liderin rəhbərliyi ilə yeni yüksəliş mərhələsinə qədəm qoymuşdur. Məhz İlham Əliyevin müstəqil, cəsarətli və düşünülmüş siyasəti nəticəsində Azərbaycan bu gün dünya miqyasında öz mövqeyi və rolu olan, beynəlxalq əmək bölgüsündə öz layiqli yerini tutan, dünya gəlirlərindən pay alan, ən nəhəng transkontinental layihələri reallaşdıran, bu coğrafiya və bütün dünya üçün önəmli strateji tərəfdaş və iqtisadi aktordur. Azərbaycanda bu gün Heydər Əliyevin əbədiyaşar ideyaları və siyasəti uğurla davam edir, dünyada gedən proseslər nəzərə alınmaqla keyfiyyətcə təkmilləşdirilir. Dünən Türkiyənin Əskişehir şəhərində Azərbaycan qazını Türkiyə üzərindən Avropaya daşıyacaq Trans Anadolu Qaz Boru Kəmərinin (TANAP) möhtəşəm açılışı, eyni zamanda Xəzər regionundakı təbii qaz resurslarını Avropa bazarına birləşdirən Cənubi Qaz Dəhlizinin, nəhəng transkontinental infrastruktur layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun ötən aylarda istifadəyə verilməsi möhtərəm Prezidentimiz İlham Əliyevin siyasi təntənəsi olmaqla yanaşı, Azərbaycanın region və dünya üçün geoiqtisadi əhəmiyyətini ildən-ilə artırır. Əminik ki, Heydər Əliyev və İlham Əliyev siyasəti gələcəkdə Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq və Ali Baş Komandanımızın müdrik rəhbərliyi ilə ən ağrılı problemimiz olan ərazi bütövlüyümüz tezliklə bərpa olunacaqdır!

Tədbirdə çıxış edən Milli Məclisin deputatları və “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev qeyd etdilər ki, 15 İyun – Milli Qurtuluş Günü tariximizə böyük ictimai-siyasi əhəmiyyət kəsb edən bir gün kimi daxil olub. 1993-cü ilin 15 iyun tarixindən başlayaraq Azərbaycanın intibah dövrünün əsası qoyuldu və Heydər Əliyev-Azərbaycan xalqı birliyi dövlətçilliyimizi xilas etdi. Heydər Əliyevin qurduğu müasir Azərbaycan onun siyasi kursunun varisinin rəhbərliyi ilə sürətlə inkişaf edir. Bu gün İlham Əliyevin rəhbərliyi ilə dünyada öz yerini tapan Azərbaycanın tərəqqisi istiqamətində aparılan islahatlar ölkəmizin gələcək inkişafına nikbin baxmağımıza güclü təminat verir.

Bayram tədbiri tanınmış incəsənət xadimləri Əməkdar artist Ehtiram Hüseynov, xanəndələr Nigar Şabanova, Ayşən Mehdiyeva, Eldəniz Məmmədov və Səbinə Ərəblinin ifasında muğam konserti ilə davam etdi.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: