Qoyunçuluq sektorunun inkişafı üzrə maraqlı tərəflərin görüşü keçirilib

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Dövlət Agentliyi ilə birgə qoyunçuluq sektorunun inkişafı üzrə maraqlı tərəflərin məsləhətləşmə toplantısını təşkil edib.

Frame.az xəbər verir ki, tədbirin əsas məqsədi qoyunçuluğun dəyər zənciri iştirakçılarını fəal şəkildə cəlb etməklə, qoyunçuluq və emal olunmuş qoyun məhsulları (ət, dəri və yun daxil olmaqla) alt-sektorunun cari vəziyyətini, mövcud və yarana biləcək çətinlikləri öyrənmək, bu alt-sektorun əhalinin iş yerləri, gəlir, ətraf mühit, sosial mənfəətlər və digər mühüm iqtisadi fəaliyyətlərə verə biləcəyi faydaların araşdırılması idi.

Toplantıda Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, digər dövlət müəssisələri, assosiasiyalar, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələri, fermerlər, həmçinin FAO-nun beynəlxalq mütəxəssisləri iştirak edib.

Qeyd edək ki, iclas Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilən və FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində 2018-ci ilin dekabr ayından icra olunan “Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması” layihəsi çərçivəsində təşkil olunub. Layihə çoxaltma və yemləmə strategiyalarının hazırlanması, heyvan sağlamlığı və transsərhəd xəstəliklərin idarəsi sahəsində mövcud olan çətinlikləri həll etmək, məhsulun bazar tələbatına əsasən hazırlanmasını təmin etmək üçün qoyunçuluq üzrə dəyər zəncirinin fəaliyyətini dayanıqlı şəkildə inkişaf etdirmək məqsədini daşıyır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: