EventsMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzində Lütfiyar İmanovun xatirəsi anılıb

Beynəlxalq Muğam Mərkəzi “Mədəniyyət” kanalı ilə birgə görkəmli mədəniyyət xadimlərinin  yubiley və xatirə gecələrini təşkil edir. Mərkəz mütəmadi olaraq korifey sənətkarların yaradıcılıq yolu və sənət məktəbini təbliğ edən silsilə tədbirlər həyata keçirir.
İyunun 24-də Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, unudulmaz opera müğənnisi Lütfiyar İmanovun xatirə gecəsi keçirildi.
Mədəniyyət kanalı ilə birgə təşkil edilmiş gecədə sənətkarın həyat və yaradıcılığından söz açıldı. Vurğulandı ki, müasir milli musiqimizin inkişafında Lütfiyar İmanovun da müstəsna xidmətləri olub ki. Onun klassik opera sənəti və xalq musiqisinin vəhdətindən bəhrələnən yüksək ifaçılıq məharəti Azərbaycan vokal sənəti tarixində yeni bir mərhələ təşkil edir. Sənətkarın yaradıcılığı çoxcəhətlidir: o həm xalq və bəstəkar mahnılarının, eyni zamnada rəngarəng repertuarlı opera və operettalarda əsas ariyaların mahir ifaçısı, bənzərsiz aktyor idi. O, milli və dünya klassik opera nümunələri ilə yanaşı, müxtəlif konsert proqramlarında kamera-vokal əsərləri, romansları və xalq mahnılarını zövq və ustalıqla oxuyub. İfaçısı olduğu əsərlərin üslub xüsusiyyətlərini dərindən duyma və onları özünəməxsus tərzdə məharətlə çatdırma qabiliyyəti sənətkara musiqisevərlərin rəğbət və məhəbbətini qazandırıb. O, uzun illər ərzində pedaqoji fəaliyyətlə məşğul olaraq, opera müğənnilərinin yetişdirilməsi işində diqqətəlayiq xidmətlər göstərib, ifaçılıq sənəti tarixində topladığı zəngin təcrübənin gənc musiqiçilər nəslinə çatdırılması üçün böyük əmək sərf edib.  Çoxşaxəli fəaliyyəti bütövlükdə sənətə sonsuz bağlılıq nümunəsi olan Lütfiyar İmanov milli musiqi mədəniyyətinin inkişafı sahəsində mühüm nailiyyətlərinə görə müstəqil Azərbaycan Respublikasının “İstiqlal” ordeni ilə təltif edilib.

Gecədə sənətkarın arxivdə qorunan lent yazıları nümayiş olunub. Həmçinin Xalq artistləri İlqar Muradov, Gülyaz Məmmədova, Zaur Rzayev, Əməkdar artistlər İlahə Əfəndiyeva, Bəsti Sevdiyeva, Nərgiz Kərimova və digər sevilən müğənnilərin ifasında vaxtilə Lütfiyar İmanovun repertuarında yer alan əsərlər ifa olunub.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!