Avstriyanın ölkəmizdəki səfiri Beynəlxalq Muğam Mərkəzini ziyarət edib

Beynəlxalq Muğam Mərkəzi konsert fəaliyyəti ilə bərabər bir sıra irimiqyaslı beynəlxalq layihələr də həyata keçirir. “Etnomusiqi inciləri” layihəsi bu sıradandır. Layihəni Beynəlxalq Muğam Mərkəzi ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirlikləri ilə birgə reallaşdırır.
Cari ilin 16 mart tarixində Beynəlxalq Muğam Mərkəzi Azərbaycan Milli Konservatoriyası və Avstriyanın ölkəmizdəki səfirliyi, həmçinin Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə keçirdiyi “Orta əsr musiqisi və musiqi alətlərinin tarixi” mövzusunda  beynəlxalq dəyirmi masada avstriyalı professor, musiqi alətləri üzrə mütəxəssis Tomas Şallabök, Azərbaycanın qədim musiqi alətlərinin tədqiqatçısı Məmmədəli Məmmədovun bədii rəhbərliyi və Xalq artisti Fəxrəddin Dadaşovun musiqi rəhbərliyi altında “Əsrlərin sədası” ansamblı ilə birgə “Etnomusiqi inciləri” layihəsi çərçivəsində konsert vermişdi.
BMM-in fəaliyyəti və layihələri Avstriyanın Azərbaycandakı səfiri Bernd Aleksander Bayer tərəfindən yüksək dəyərləndirilib və səfir Beynəlxalq Muğam Mərkəzini ziyarət edib. Beynəlxalq Muğam Mərkəzin direktoru,  Xalq artisti Murad Hüseynov Avstriyanın Azərbaycandakı səfiri Bernd Aleksander Bayerllə görüşüb. Görüş zamanı səfirliklə Beynəlxalq Muğam Mərkəzi arasında  əməkdaşlığın gələcək perspektivləri, həmçinin həyata keçirilə biləcək layihələr ətrafında fikir mübadiləsi aparılıb. Muğam Mərkəzlə Avstriyanın musiqi kollektivləri arasında  qarşılıqlı olaraq etnik musiqinin təbliği və birgə  fəaliyyət istiqaməti mövzusunda məsələlər müzakirə edilib. Əməkdaşlıq çərçivəsində Avstriyada Azərbaycan, Azərbaycanda isə Avstriya etnomusiqisini təbliğ edən sərgi, elmi-tədqiqat və konsert layihələrin keçirilməsi ilə bağlı danışıqlar aparılıb.
Qeyd edək ki, “Etnomusiqi inciləri” çərçivəsində Yunanıstan, İtaliya, Avstriya, İsrail və bir sıra ölkələrin musiqiçiləri Azərbaycan muğam ifaçıları ilə birlikdə konsert proqramları ilə çıxış ediblər. Eyni ilə BMM –nin təşkilatçılığı ilə İsveçrə, Fransa, Polşa, Çin Xalq Respublikası, Mərakeş, Hindistan, Rusiya, Gürcüstana Azərbaycan musiqiçilərinin səfəri təşkil edilib.
Diqqətə çatdırmaq istərdik ki, xarici dövlətlərdə musiqi sahəsində fəaliyyət göstərən mədəni qurumlarla əlaqələrin qurulması  və eyni zamanda beynəlxalq  əməkdaşlıq Beynəlxalq Muğam Mərkəzinin prioritet istiqamətlərindən biridir.
Heydər Əliyev Fondu tərəfindən milli mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin təbliği sahəsində həyata keçirilmiş layihələr arasında YUNESKO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin şah əsərləri Siyahısına daxil edilmiş Azərbaycan muğamının dünyada geniş təbliği məqsədi ilə Beynəlxalq Muğam Mərkəzinin yaradılması önəmli yer tutur. Beynəlxalq Muğam Mərkəzində gənc ifaçılar Azərbaycan musiqi mədəniyyətinin mühüm qismini təşkil edən muğam sənətinin incəliklərinə yiyələnirlər. Mərkəzdə görkəmli muğam ustalarının konsertləri, muğam gecələri, beynəlxalq konfrans və festivallar təşkil olunur. Xarici dövlətlərdə musiqi sahəsində fəaliyyət göstərən mədəni qurumlarla əlaqələrin qurulması  və eyni zamanda beynəlxalq  əməkdaşlıq da Beynəlxalq Muğam Mərkəzinin prioritet istiqamətlərindən biridir.  Muğam Mərkəzi də öz fəaliyyət istiqaməti üzrə elmi araşdırma yönlü layihələr və konsert proqramları gerçəkləşdirməyi qarşısına məqsəd qoymuşdur. Bu layihələrin həm paytaxt Bakıda həm regionlarda həm də ölkəmizin hüdudlarından kənarda reallaşırılması nəzərdə tutulmuşdur .

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: