Beynəlxalq Muğam Mərkəzində Yusif Həsənbəyin yaradıcılıq gecəsi keçiriləcək

Beynəlxalq Muğam Mərkəzində 15 may 2019-cu il  saat 19:00-da Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, dramaturq, tərcüməçi Yusif Həsənbəyin yaradıcılıq gecəsi keçiriləcək.
Gecədə akademik Nizami Cəfərov, filologiya elmləri doktoru Vaqif Yusifli  və şairin sənət dostları onun yaradıcılığı ilə bağlı düşüncələrini bölüşəcək.
Yusif Həsənbəy vətənimizi, onun gözəlliklərini tərənnüm edən neçə-neçə mahnıların şeir müəllifidir. Bu minvalla o, demək olar ki, ən müqtədir bəstəkarlarımızla çalışıb. Tədbirdə tanınmış və sevilən xanəndələr müəllifin şeirlərinə unudulmaz bəstəkarlar Xalq artistləri Arif Məlikov, Elza İbrahimova, Rauf Hacıyev, Səid Rüstəmov, Ramiz Mirişli, Hacı Xanməmmədov, Cahangir Cahangirov, Nəriman Məmmədov tərəfindən bəstələnmiş  mahnıları təqdim edəcəklər. Həmçinin qiraət ustalarının ifasında şairin şeirlərindən nümunələr səslənəcək.
Müəllifin iştirakı ilə baş tutacaq tədbirdə Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədovalar, Eldost Bayram, Əməkdar artist Gülüstan Əliyeva  və gənc xanəndələr çıxış edəcəklər. İfaçıları Azərbaycan Televiziya və Radiosunun Əhsən Dadaşov adına xalq çalğı alətləri ansamblı müşayiət edəcək. Gecənin aparıcısı filologiya elmləri üzrə fəlsəfə doktoru, tədqiqatçı Gülhüseyn Kazımlıdır.
Həftə içi əhvalınıza xoş musiqi ovqatı qatmaq istəyirsinizsə, mütləq Beynəlxalq Muğam Mərkəzinin təqdim etdiyi konsertləri və layihələri izləyin.
Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: