EventsFestivallarIdmanTəqdimatƏyləncə

TOPs proqramı çərçivəsində idman festivalı keçirilib

8 noyabr 2018 – ci ildə  TOPs proqramının V mövsümü çərçivəsində Nizami rayonu 242 saylı məktəbdə növbəti idman festivalı keçirilib. Festival 9 noyabr Dövlət Bayraq Gününə həsr olunmuşdur.

TOPs proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyi, British Council Azərbaycan, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə 2014-cü ildən həyata keçirilir.

Proqram Britaniya təcrübəsinə əsaslanaraq ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən müəllimlərin TOPs metodologiyası ilə bilik, bacarıqlarının zənginləşdirilməsi və şagirdlərin sağlamlıqlarının möhkəmləndirilməsi məqsədi ilə həyata keçirilir. Bu metodika fiziki tərbiyədə həm də inklüziv tədrisin həyata keçirilməsini təmin edən təlim metodlarını da özündə birləşdirir.

Layihə çərçivəsində TOPs təlimlərindən keçmiş müəllimlər çalışdıqları məktəblərdə Açıq dərslər və idman festivalları keçirirlər.  Belə festivalların keçirilməsinin əsas məqsədi uşaqlarda fiziki aktiliyə olan marağın  artırılması, idmana bağlılığın erkən yaş dövründən yaradılması, şagirdlərin sağlamlığının möhkəmləndirilməsi vasitəsi ilə psixoloji dayanıqlılığının qorunmasına nail olmaqdır. Praktika göstərir ki, belə tədbirlər həm də şagirdlər arasında sosiallaşmanın genişlənməsinə və təlim nəticələrinin yüksəldilməsinə də müsbət təsir göstərir. Daha bir maraqlı məqam ondadır ki,  242 saylı məktəbdə keçirilən idman festivalında şagirdlərin valideynləri də yaxından iştirak ediblər.  Festivalda  100 nəfərə yaxın şagird, valideyn və müəllim müxtəlif idman fəaliyyətləri vasitəsi ilə öz qüvvələrini göstərmiş, bədii özfəaliyyət nümunələri ilə çıxışlar etmişlər.

Festivalı izləyənlər arasında TOPs proqramı üzrə tərəfdaş təşkilatların nümayəndələri, məktəb rəhbərliyi və şagirdlərin valideynləri  də olublar.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, layihəyə Bakı, Sumqayıt , Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Qubadlı və Laçın rayonlarından olan ümumilikdə, 250 ümumtəhsil məktəbi cəlb olunmuşdur. Layihənin əsas məqsədlərindən biri də fiziki tərbiyə sahəsində müasir təhsil texnologiyasının yaradılmasına nail olmaqdan ibarətdir.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!