“Trubadur” operasının tamaşasında Azərbaycan və Belaruslu opera ulduzları birgə çıxış edəcəklər

Dekabrın  23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Trubadur” operasının tamaşası keçiriləcəkdir.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi bu tamaşada əsas rollardan birini – Qraf di Luna partiyasını ifa etmək üçün Teatrın öz yetirməsi,  hazırda Almaniyanın Manhyem  Milli Operasında  çalışan istedadlı opera sənətçisi, Azərbaycanın Xalq artisti Əvəz Abdullayevi dəvət etmişdir. Almaniyada çalışmaqla bərabər mütəmadi olaraq həm də Avropanın bir sıra ölkələrində ən mötəbər teatrların səhnələrində çıxış edən Ə.Abdullayev doğma teatrını da unutmur, hər dəfə Bakıdan qastrol təklifi alarkən, onu böyük həvəslə qəbul edir.

Tamaşada iştirak etmək üçün həm də Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solisti, Belarusun Xalq artisti və Dövlət mükafatı laureatı, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, Belarusun tanınmış opera müğənnisi Anastasiya Moskvina dəvət olunmuşdur. O tamaşada Leonora  partiyasını ifa edəcəkdir.

“Trubadur” operasında həmçinin  Azərbaycan Opera və Balet Teatrının solistləri – Əməkdar artistlər Fərid Əliyev (Manriko), Əkrəm Poladov (Ferrando), Əliəhməd İbrahimov (Ruis), gənc solistlər Nina Makarova (Azuçena) və Səbinə Əhmədova (İnes) çıxış edəcəklər.

Tamaşanı Azərbaycanın Əməkdar  artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcəkdir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: