SəyahətTurizmTəqdimatƏn Son

Turizm imkanlarının təbliğatı məqsədilə 6 hədəf bazarda genişmiqyaslı tədbirlər görülür

Aprelin 5-də Bakı Konqress Mərkəzində Azərbaycanın 6 ölkədə fəaliyyət göstərən xarici turizm nümayəndəlikləri ilə görüş keçirilib.

Görüş zamanı yerli turizm sənayesinin iştirakçılarını nümayəndəlik ofislərinin fəaliyyəti və strategiyaları ilə tanış etmək, qarşılıqlı əməkdaşlıq imkanları haqqında məlumat vermək məqsədilə təqdimatlar baş tutub.

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə keçirilən tədbirin ikinci hissəsi səyahət agentlikləri, tur operator və hotellərin nümayəndələrinin iştirakı ilə ikitərəfli görüşlər formatında müzakirələr çərçivəsində davam etdirilib.

Xatırladaq ki, 2018-ci ilin dekabrından Almaniyanın Münhen, BƏƏ-nin Dubay, Səudiyyə Ərəbistanın Ər-Riyad, Çinin Pekin, Hindistanın Mumbay, Rusiyanın Moskva şəhərlərində fəaliyyətə başlayan nümayəndəliklər ölkənin xaricdə daha çox tanıdılmasına nail olmaq, hədəf bazarlardan turist axınını artırmaq, ümumilikdə ölkədə turizmin inkişafına dəstək vermək məqsədini daşıyır.

Nümayəndəliklər fəaliyyət göstərdikləri ölkə və region üzrə Azərbaycanın turizm potensialının təbliği, marketinq araşdırmaları, hesabatların hazırlanması, təbliğat materiallarının hazırlanması və yayımlanması, təlimlərin keçirilməsi və s. kimi istiqamətlər üzrə fəaliyyət göstərirlər. Rəsmi turizm nümayəndəliklərinin fəaliyyəti həmçinin Azərbaycana aid seminarların, eləcə də yerləşdiyi regionlardakı və Azərbaycandakı turizm və səyahət şirkətlərinin əməkdaşlıq etməsi üçün görüşlərin təşkil edilməsi, Azərbaycanın beynəlxalq sərgilərdə təmsil olunmasına dəstək verilməsi və koordinasiya işlərini həyata keçirərək ikitərəfli əlaqələrin stimullaşdırılmasına xidmət edir.

Tədbir çərçivəsində Bakıya səyahət edənlər üçün Bakı Turizm İnformasiya Mərkəzinin rəhbəri Rüfət Bağırov tərəfindən rəsmi şəhər kartı olan “Bakı Kart”ın (“BakuCard”) təqdimatı olub.

“BakuCard” yeni və innovativ məhsul olaraq kart sahiblərinə Bakı şəhərində ictimai nəqliyyatdan və hava limanından şəhərə və əksinə transfer xidmətini həyata keçirən “Baku City Aero Express” avtobuslarından ödənişsiz istifadə imkanı tanıyır. Həmçinin kartı əldə etməklə turistlər Bakı şəhəri üzrə turistik yerlərə gəzintilər həyata keçirən “Baku City Tour”avtobuslarına biletləri 50% endirimlə əldə edə biləcəklər.

Kart vasitəsilə 20-dən çox muzey və istirahət mərkəzlərinə pulsuz və ya endirimli giriş, 200-dən çox pərakəndə satış mağazasında və ticarət mərkəzində, müxtəlif restoran və kafelərdə endirimlər, salamlama içkiləri və ödənişsiz məhsullardan faydalanmaq mümkündür.

Etibarlılıq müddətinə görə 24 saatlıq, 72 saatlıq və 1 həftəlik omaqla 3 növü olan kartların qiymətləri müvafiq olaraq 24 AZN, 45 AZN və 70 AZN təşkil edir.

Kartların satışı Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, turizm informasiya mərkəzləri, müxtəif hotellər, turizm agentlikləri, kiosklarla yanaşı, onlayn olaraq www.bakucard.az saytı vasitəsilə həyata keçirilir.

Turistlərin qənaət edərək vaxtlarını daha səmərəli keçirmələrinə şərait yaradan “BakuCard” kartları geniş funksioanal imkanlar tanıyaraq Bakı şəhərinin beynəlxalq turizm məkanı kimi cazibəsini daha da artıraraq, Bakının sürətlə inkişaf edən turizm şəhəri olmasına töhfə verəcək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!