Üçüncü Bakı Yaponiya Mədəniyyət Festivalı başa çatıb

Bakı Dövlət Universitetində (BDU) III Bakı Yaponiya Mədəniyyət Festivalı keçirilib.

BDU-dan bildiriblər ki, bu ali məktəbin şərqşünaslıq fakültəsinin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının təşəbbüsü ilə təşkil olunan tədbirdə universitet rektorunun ümumi işlər üzrə müşaviri, professor İsmayıl Əliyev Azərbaycan-Yaponiya əlaqələrinin əhəmiyyətindən danışıb.

Eyni zamanda, festivalın tələbələrin yaradıcılıq potensialını, təşkilatçılıq bacarığını aşkara çıxardığı diqqətə çatdırılıb.

Yaponiyanın Azərbaycandakı səfirliyinin mədəniyyət və informasiya şöbəsinin müdiri Uçidate Saki ölkələrimiz arasındakı dostluq münasibətlərindən bəhs edib.

BDU-nun Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, dosent Oqtay Cəlilbəyli festivalın əhatə etdiyi yapon mədəniyyəti sahələri, tələbələr arasında keçirilən mahnı müsabiqəsi haqqında ətraflı məlumat verib.

Festival mahnı müsabiqəsi və səhnəciklərlə davam edib, Abdulla Şaiqin “Tıq-Tıq xanımın nağılı” əsərinin yapon dilində tamaşası göstərilib.

Sonra tədbir iştirakçıları yapon milli geyimləri, çay dəstgahı, xəttatlıq, yapon xalq oyunları, yapon milli mətbəxi və s. ilə tanış olublar.

Şərqşünaslıq fakültəsinin regionşünaslıq (Yaponiya üzrə) ixtisasının tələbələri Sadiq Məcidli və Nicat Haşımov mahnı müsabiqəsinin qalibi olublar. Festivalda fərqlənən digər iştirakçılara da hədiyyələr təqdim edilib. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: