FutbolIdman

UEFA-nın yarışlarında iştirak etmək üçün “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Sumqayıt”, “Zirə” və “Səbail”ə lisenziya verilib

Mayın 11-də AFFA-nın inzibati binasında Lisenziya Komissiyasının iclası keçirilib.

Frame.az xəbər verir ki, iclasda 2019-2020-ci il mövsümündə UEFA-nın klub və Premyer Liqa yarışlarında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydalara əsasən aparılmış müzakirələrdən sonra qərarlar qəbul edib. Belə ki, UEFA-nın klub yarışlarında iştirak etmək üçün “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Sumqayıt”, “Zirə” və “Səbail” klublarına lisenziya verilib. “Keşlə” komandasına isə lisenziya verilməyib.

“Keşlə” və “Sabah” klubları Premyer Liqada iştirak etmək üçün lisenziya alıblar. “Kəpəz”, “Ağsu”, MOİK, “Turan Tovuz”, “Qaradağ-Lökbatan”, “Şüvəlan” və “Zaqatala”nın Premyer Liqada iştirakına icazə verilməyib.

Lisenziya iddiaçısı lisenziya verilməsindən imtina haqqında bildiriş məktubu aldığı tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə üzrə “Fair Play” qaydalarında əks olunmuş tələbə əsasən, Avropa futbol qurumunun yarışlarında iştirak edən klublar müvafiq lisenziya əldə etməlidir. UEFA lisenziyasının alınması üçün klublar qaydalarda göstərilmiş bütün mütləq meyarlara cavab verməlidir. Qaydalardan biri “3 illik üzvlük qaydası” adlanır. Həmin qaydaya əsasən, lisenziya iddiaçısı lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl 3 il ərzində fəaliyyət göstərməli və daxili yarışlarda iştirak etməlidir. Məlum olduğu kimi, “Səbail” Topaz Premyer Liqasında iştirak edir və AFFA “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə üzrə “Fair Play” qaydalarının tələblərinə uyğun olaraq, komanda ilə bağlı müstəsna prosedurun tətbiqi üçün UEFA-ya müraciət edib. UEFA müraciətin baxılması üçün prosesə başlayaraq həm AFFA, həm də “Səbail” tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında UEFA-ya təqdim olunmasını tələb etmişdi. UEFA təqdim olunmuş sənədləri araşdırdıqdan sonra müsbət qiymətləndirildiyini bildirib və yaxın günlərdə bununla bağlı rəsmi cavabı AFFA-ya ünvanlayacaq.

“UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydalara müvafiq olaraq, 2019-2020-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunur.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!