Ümumdünya Turizm Günü ərəfəsində ekoturizmlə bağlı tədbir keçirildi

Sentyabrın 26-da Dövlət Turizm Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İDEA İctimai Birliyinin təşkilatçılığı ilə Ümumdünya Turizm Gününə və Qızılağac Milli Parkının yaradılmasına həsr edilmiş tədbir keçirilib.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev iştirakı ilə baş tutan tədbirdə Qızılağac Milli Parkının yaradılması və burada fəaliyyət göstərən turizm-informasiya mərkəzi haqqında məlumat verilib, safari tipli maşınla “Turac” marşrutu ilə tanışlıq həyata keçirilib.

Qızılağac Milli Parkının yaradılması gününə təsadüf edən tədbirdə İDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə həyata keçirilən “Zəngin hövzələr” layihəsi çərçivəsində çəki, ağ amur və qalınalın kimi körpə çəkikimi balıqları Xəzər dənizinin Kiçik Qızılağac körfəzinə buraxılıb.

Tədbirdə milli parkların turizm baxımından əhəmiyyəti ilə yanaşı, burada təbiətin və təbii milli sərvətlərin qorunmasının və ekoloji tarazlığın saxlanmasının vacibliyi qeyd olunub.

Son onilliklər ərzində ölkəmizin su hövzələrindəki balıq növlərinin təbii populyasiyaları insan fəaliyyətinin mənfi təsirləri nəticəsində məhvolma təhlükəsi həddinə çatdığından Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın və Qafqaz regionunun su faunasının qorunması və bərpası üzrə bir sıra mühüm təşəbbüslər həyata keçirilir.

26 sentyabr 2018-ci il tarixində yaradılmış Qızılağac Milli Parkı Qızılağac Dövlət Təbiət Qoruğunu və bütöv Qızılağac körfəzini ehtiva edir və Xəzər dənizində ilk mühafizə olunan dəniz ərazisi hesab edilir.

İDEA İctimai Birliyi və ETSN vətəndaşları balıq ehtiyatlarının qorunmasında, qadağan olunmuş üsullarla balıq ovunun qarşısının alınmasında yaxından iştirak etməyə, məsuliyyətli balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək verməyə çağırır .

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: