EventsTəqdimatƏn Son

“Unudulmayanlar”

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Muzey Mərkəzi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə 17 yanvar 2017-ci il tarixində Bakı şəhəri, Neftçilər prospekti 123 a ünvanında yerləşən Muzey Mərkəzi II mərtəbə Akt zalında saat 14:00-da “Unudulmayanlar” 20 Yanvar faciəsi qurbanlarına həsr olunmuş anım günü keçiriləcəkdir.

Təşkil olunan tədbirin əsas məqsədi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı törədilən dəhşətli, kütləvi qırğın hadisəsi nəticəsində milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış yüzlərlə günahsız insanların xatirəsini yad etməkdir.

Keçmiş Sovet imperiyasının Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulmuş, kütləvi terror nəticəsində 137 günahsız insan qətlə yetirilmiş və 700-dək insan yaralanmışdır. Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələri bu gün şərəf və qəhrəmanlıq salnaməsinin yazıldığı tarix kimi qeyd edilir.

Azərbaycan təsviri sənətin görkəmli nümayəndələri xalqın yaddaşına həkk olunan 20 Yanvar hadisələrinə öz yaradıcılıqlarında yer vermiş və müxtəlif mövzularda əsərlər işləmişlər. Tədbirdə Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub saxlanılan Azərbaycan rəssamlarının 20 Yanvar faciəsini əks etdirən əsərlərin sərgilənməsi nəzərdə tutulur.

Anım günündə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, görkəmli incəsənət xadimləri və Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşları 1990-cı il yanvarın 20-də törədilən hadisələr haqqında öz çıxışlarını edəcəklər.
Tədbirdə, həmçinin 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş foto-materialın nümayişi nəzərdə tutulur. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!