EventsMədəniyyətTəqdimat

V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu başa çatıb

Oktyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun bağlanış mərasimi olub. Bu nüfuzlu tədbir Prezident İlham Əliyevin “V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun Bakı şəhərində keçirilməsi haqqında” Sərəncamına əsasən təşkil edilib.

Frame.az xəbər verir ki, mərasimdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin sədri Vidadi Muradov, Şərq Xalçaları üzrə Beynəlxalq Konfransın (İKOK) İcraiyyə Şurasının akademik komitəsinin sədri Alberto Boralev, Azərbaycan Milli İncəsənət Muzeyinin elmi araşdırmalar şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Toğrul Əfəndiyev çıxış edərək simpoziumun təşkilinə görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya bütün iştirakçılar adından təşəkkürlərini bildiriblər.

Qeyd edilib ki, Azərbaycan xalçasının təbliğinə böyük təkan verən simpoziumun keçirilməsi dünya xalçaçılığında mühüm hadisədir. Azərbaycan xalçası beynəlxalq miqyasda tanınmış və qəbul olunmuş milli, eyni zamanda, bəşəri dəyərdir. Simpozium Azərbaycan xalçasını və xalçaçısını tanıtdırmağa, tarixi xalçaçılıq məntəqələri ilə tanış olmağa imkan yaradır. Tədbir günlərində Azərbaycan xalçasının keçmişi və müasir vəziyyəti, xalçaçılığın iqtisadiyyatın müstəqil sahəsi kimi inkişafı məsələləri nəzərdən keçirilib.

Vurğulanıb ki, Azərbaycanda ötən ildən başlayaraq “Xalçaçı günü” qeyd edilir. Simpozium Şərq və Qərbi təmsil edən nüfuzlu alimləri, 25-dək ölkədən xalça sənəti üzrə aparıcı mütəxəssisləri bir araya gətirib. Burada müvafiq sahəyə dair yeniliklərlə yanaşı, xalçaçılıq sənətinin inkişafına dair fikir mübadiləsi aparılıb. Hazırda Azərbaycan xalça sənəti beynəlxalq aləmdə uğurla təbliğ olunur.

Xatırladaq ki, V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumunun keçirilməsi ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və “Azərxalça” ASC ilə birgə tədbirlər planı hazırlanıb. Simpoziumun əsas tərəfdaşları İKOK və 1978-ci ildən nəşr edilən, dünya xalçaçılıq sənətində gedən prosesləri işıqlandıran və geniş oxucu auditoriyasına malik “Halı” jurnalıdır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!