Ən Son

Xalça Muzeyində Xalq rəssamı Bədurə Əfqanlının retrospektiv sərgisi açılıb

Oktyabrın 22-də Azərbaycan Milli Xalça Muzeyində geyim mədəniyyətimizin, folklor və milli ənənələrimizin gözəl bilicisi, Xalq rəssamı Bədurə Əfqanlının həyat və yaradıcılığına həsr olunmuş retrospektiv sərginin açılışı olub.

Frame.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil edilən sərgidə rəssamın yaradıcılığına həsr olunmuş “Bədurə Əfqanlı – teatr, kino, rəqs: geyim və obrazlar” kitabının təqdimatı da keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova qonaqlara sərgi barədə məlumat verib. Bildirib ki, Bədurə Əfqanlının şəxsi arxivindən götürülən əlyazmaları, rəsmləri ilk dəfədir sərgilənir.

“Bakı İncəsənət Mərkəzi” Yaradıcılıq Birliyinin baş direktoru Rafael Gülməmmədli Xalq rəssamı Bədurə Əfqanlını XX əsr Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi adlandırıb. Bildirib ki, onun yaratdığı əsərlər bir məktəbdir. “Leyli və Məcnun” operası səhnəyə qoyularkən orada Bədurə Əfqanlının geyim eskizlərindən istifadə olunub. Bu günə qədər Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və digər rəqs qrupları rəssamın eskizlərindən geyimlər hazırlayır və onu örnək kimi görürlər.

Mədəniyyət nazirinin müavini, Əməkdar incəsənət xadimi professor Sevda Məmmədəliyeva bildirib ki, Azərbaycanın ilk qadın teatr rəssamı olan Bədurə Əfqanlı təsviri sənət tariximizdə müstəsna əhəmiyyətə malik olan sənətkardır. Qeyd edib ki, rəssam yaradıcı ömrünün 40 ilini teatra və milli rəqs geyimlərinin yaradılmasına, 15 ilini isə kino sənətinə həsr edib. O, bu sahələr üzrə olduqca dərin əsərlər yaradıb. Bununla da Bədurə Əfqanlı Azərbaycan teatr, kino və rəqs geyimi ənənələrinin inkişafına əvəzsiz töhfələr verib. Ötən əsrin ikinci yarısında formalaşan rəqs, geyim rəssamlığı da məhz Bədurə Əfqanlının adı ilə bağlıdır.

Təqdim olunan kitabda rəssamın sənətə gəldiyi dövrdən (1930) sonrakı 70 ildən artıq müddət ərzində teatr, kino və rəqs incəsənəti sahələrində yaratdığı rəngarəng, bir-birindən maraqlı obraz, geyim və dekorasiya eskizləri toplanıb.

Tədbirdə milli musiqilərimiz səsləndirilib, “Naz eləmə” və “İnnabı” rəqsləri ifa olunub.

Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgidə rəssamın müxtəlif dövrlərdə teatr, kino və rəqs incəsənəti sahəsində yaratdığı eskizlər, onun əlyazmaları, yaradıcılığı ilə bağlı çap olunmuş materiallar, eləcə də arxiv fotoları nümayiş etdirilir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!