EventsTəqdimat

“Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı layihəyə Gəncə şəhərindən start verildi

Oktyabrın 8-də Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Gəncə Şəhəri Məhsəti Gəncəvi Mərkəzində “Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı layihənin açılış mərasimi keçirilib.

Tədbiri Məhsəti Gəncəvi Mərkəzinin direktoru Zərifə Xasayeva giriş nitqi ilə açaraq bildirib ki, Azərbaycan xalq – tətbiqi sənəti olan xalçaçılıq, xalqımızın mədəniyyət tarixində özünəməxsus yer tutub və tarixən böyük inkişaf yolu keçib. Məhz bu cür layihənin Gəncə Şəhərindən start verilməsi bizim üçün qürur verici bir hadisədir.
Sonra Azərbaycan Xalça Muzeyinin mətbuat katibi, layihənin koordinatoru Fuad Rəsul iştirakçı gənclərə layihə haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, layihənin əsas məqsədi – ölkəmizin bütün bölgələrində Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlər boyu qoruduğu qədim sənət növü olan xalçaçılıq tarixinin öyrənilməsi, unudulmaqda olan xalça sənətinin dirçəlişi və gənc nəsillərə təbliği məqsədilə xalçaçılıq üzrə tədris planı təşkil etməkdir. Tədris planı 1 ay müddətinə nəzərdə tutulub. Həmin müddət ərzində Azərbaycan Xalça Muzeyinin əməkdaşları hər şənbə günü mühazirə ilə çıxış edəcək, 1 nəfər xalçaçı-rəssam dərs iştirakçılarına əyani şəkildə milli naxışları çəkməyi, yerli toxucu isə xalçanın toxunması texnikalarını öyrədəcək.
Layihə – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 7 dekabr 2004-cü il tarixində imzaladığı “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi” haqqında Azərbaycan Respublikasının qanunun 6-cı maddəsində qeyd olunan “Azərbaycan xalça sənətinin təbliği “ – bəndinə uyğun olaraq həyata keçirilir.
Qeyd olunub ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib.
Həmçinin Azərbaycan Xalça Muzeyinin elmi işçisi Təranə Məlikova mədəni irsimiz olan xalçaçılıq sənəti və bu sənətin tarixi haqqında gənclərə ətraflı məlumat verib.
Çıxışlardan sonra Azərbaycan xalça sənətindən bəhs edən video çarx nümayiş etdirilib.
Məhsəti Gəncəvi Mərkəzində keçirilən tədbirdə muzey işçiləri, ali məktəblərin tələbələri, həmçinin xalçaçılıq sənətinə maraq göstərən gənclər iştirak ediblər.
Qeyd edək ki, layihənin sonunda iştirakçı gənclər Azərbaycan Xalça Muzeyini ziyarət edəcək və onlara əyani olaraq eksponatlar haqqında geniş məlumatlar veriləcək. Həmçinin layihəni uğurla başa vuran gənclərə sertifikat təqdim olunacaq. 14591626_1461151653900988_4208904257130412012_n 14567979_1461151853900968_3621077128480891193_n 14502880_1461152470567573_325288917471664822_n 14570437_1461152130567607_7143965821171690412_n 14590237_1461152147234272_4981351867153135795_n 14516522_1461152303900923_4910325142862669032_nFrame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!