EventsMusiqiMədəniyyət

Xalq artisti tarzən Əhməd Bakıxanovun 125 illik yubiley gecəsi keçirilib

Dekabrın 14-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Əməkdar müəllim, ictimai xadim, görkəmli tarzən Əhməd Bakıxanovun 125 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

Tədbirdə tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Beynəlxalq  Muğam Mərkəzinin foyesində sənətkarın  Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin  arxiv fondunda saxlanılan şəkillərindən ibarət sərgi  nümayiş olunub.

    Daha sonra Əhməd Bakıxanovun ifasında Azərbaycan Televiziyasının “Qızıl  fondu”nda qorunub saxlanılan “Xaric segah”,”Şur” muğamları və haqqında çəkilən filmlərdən parçalar  videoçarx vasitəsilə tamaşaçılara təqdim olunub.

Tədbirin aparıcısı, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov sənətkarın həyat yolundan və Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhvələrdən danışıb, tarın bir musiqi  aləti kimi  yaranmasından və Azərbaycan çalğı musiqi alətləri sırasında tutduğu məqamdan, bu gözəl və xalqımızın ən çox sevdiyi musiqi alətinin  uzaq və yaxın keçmişindən söhbət açıb. O, qeyd edib ki, Azərbaycan musiqi mədəniyyəti, tar ifaçılıq sənəti bu gün böyük müəllim, görkəmli ifaçı Əhməd Bakıxanovun da yaradıcılığından bəhrələnir.

     Qeyd edildi ki, Əhmədxan Bakıxanov ilk təhsilini İranda almış, burada ustad tarzənlərdən tar ifaçılığının və muğamatın sirlərinə dərindən yiyələnmiş, 1920-ci ildən Bakıda musiqi məclislərində və konsertlərdə çalmış,eyni zamanda  müəllimlik etmiş, bir sıra görkəmli tarzənlər yetişdirmişdir. 1930-cu ildın Üzeyir Hacıbəyovun dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında muğamdan dərs demişdir.

     Azərbaycan radiosunun nəzdində ilk xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri də məhz Əhməd Bakıxanov olmuşdur. 1973-cü ildən həmin ansambl Əhməd Bakıxanovun adını daşıyır.

Bu ansambl bir çox görkəmli xanəndələri – Cabbar QaryağdıoğlunuSeyid ŞuşinskiniHüseynqulu SarabskiniZülfü Adıgözəlovu və b. müşayiət etmiş, geniş konsert proqramları ilə çıxış etmişdir. Azərbaycan xalq musiqisinin, xüsusilə muğamların təbliğində tarzən Əhmədxan Bakıxanovun rolu böyükdür.

     Tədbirdə Xalq artisti Əlibaba Məmmədov, Teymur Mustafayev,  Əməkdar artist Vamiq Məmmədəliyev, tarzən, vaxtilə Əhməd Bakıxanovan tar ifaçılığının sirlərini öyrənmiş  Firudin Ələkbərov   sənətkar haqqında öz xatirələrini bölüşdülər.

 Daha sonra tədbir bədii hissə ilə davam etdi.

Bədii hissədə Xalq artistləri  Mələkxanım Əyyubova, Teymur Mustafayev, Zaur Rzayev, Fəxrəddin Dadaşov, Kamil Cəlilov, Əməkdar artistlər Fərqanə Qasımova,  Zakir Əliyev, Vamiq Məmmədəliyev, Elçin Həşimov (Ə.Bakıxanov adına müsabiqənin laureatı),solistlər Səbuhi Səfərov (Ə.Bakıxanov adına müsabiqənin laureatı), Kəmalə Mirbabayeva (Bakı Musiqi Akademiyasının  dosenti), Vüsalə Əsgərova, Nərmin Rzayeva (beynəlxalq müsabiqələr laureatı) çıxış etdilər.

    Konsertdə ifaçıları Azərbaycan Televiziyası və Radiosunun Əhməd Bakıxanov adına Azərbaycan Xalq Çalğı Alətləri Ansamblı müşayiət edirdi. Ansamblın bədii rəhbəri Xalq artisti,tarzən  professor Möhlət Müslümovdur.

    Tədbirin sonunda sənətkarın oğlu, görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti Tofiq Bakıxanov çıxış edərək atası haqqında öz xatirələrini bölüşdü və dövlətimizə Azərbaycan musiqi mədəniyyətində xidmətləri olan insanların xatirəsinə göstərilən qayğı və diqqətə görə  öz minnətdarlığını bildirdi.

    Yubiley gecəsi alqışlarla sona yetdi.

 Qeyd edək ki, dekabrın 27 – də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının birgə “Muğam axşamlar”ı layihəsi çərçivəsində “Arazbarı”, “Ovşarı” və.başqa ritmik muğamlar səslənəcək.

Biletləri şəhərimizin kassalarından, “ASAN xidmət” mərkəzlərindən və İticket.az (online) saytından əldə etmək olar.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!