EventsQalereyaTəqdimat

Xalq rəssamı Maral Rəhmanzadənin 100 illik yubiley sərgisi keçiriləcəkdir

5-19 noyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Maral Rəhmanzadənin 100 illik yubiley sərgisi keçiriləcəkdir.
Azərbaycanın rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq Rəssamı, Dövlət Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Maral Rəhmanzadə 23 iyul 1916-ci ildə Bakıda anadan olmuşdur. 1933-cu ildə Azərbaycan Rəssamlıq Məktəbini bitirərək, 1940-cı ildə Moskvada V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil almışdır.
Milli rəssamlığımızın zəngin ənənələrini öz uzunillik yaradıcılığında əks etdirən Maral Rəhmanzadə təsviri sənətimizin inkişafı yolunda yorulmadan çalışan bənzərsiz fırça ustası idi. Onun böyük ustalıqla yaratdığı əsərlər Azərbaycan rəssamlıq məktəbinə ölkəmizin hüdudlarından kənarda da şöhrət qazandırmışdır. 60-cı illərdə yaratdığı «Bizim Xəzərdə» adlı 16 vərəqli rəngli avtolitoqrafiyalar silsiləsi, «Naxçıvan», «Xanalıq», «Mənim Vətənim», «Mənim Azərbaycanım» adlı tablolar seriyası onun Doğma Vətəninə olan sonsuz məhəbbətin təzahürüdür.
Eyni zamanda Maral Rəhmanzadənin sevimli qəhrəmanı qadın idi. «Azərbaycanın qadın aşıqları və şairələri», «Azərbaycanın qadınları», «Mənim bacılarım» əsərləri ilə istedadlı və gözəl xanımlarımızın obrazlarını yaradaraq, onların zəngin daxili mənəvi aləmini ustalıqla açıqlaya bilmişdir.
Maral Rəhmanzadənin çəkdiyi tablolar müasir Azərbaycan təsviri sənətinin qiymətli nümunələri kimi dünyanın bir çox tanınmış muzeylərində, rəsm qalereyalarında, sərgi salonlarında uğurla nümayiş olunmuş və şəxsi kolleksiyalarının bəzəyinə çevrilməklə yanaşı, milli mədəniyyətimizi təbliğinə xidmət etmişdir.
Maral Rəhmanzadə 2008-ci il mart ayının 16-da vəfat etmişdir.

Sərgidə rəssamın ailəsinin kolleksiyasında, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan əsərlər nümayiş olunacaqdır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!