EventsSərgiTəqdimat

Fatimə Mahmudovanın “Mənim rəngarəng dünyam” adlı fərdi rəsm sərgisi açılıb

2019-cu il iyunun 1-də Xətai Sənət Mərkəzində (XSM) gənc rəssam Fatimə Mahmudovanın “Mənim rəngarəng dünyam” adlı fərdi rəsm sərgisi açılıb.

Frame.az xəbər verir ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü çərçivəsində reallaşan sərgi Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi, Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Sərginin açılışından öncə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov gənc rəssamın yaradıcılığı və ilk fərdi sərgisi ilə bağlı təəssüratlarını bölüşüb.

O, gənc rəssamın Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin yaratdığı Uşaq Yaradıcılıq Rəsm Studiyasının tələbəsi olduğunu qeyd edib. Bildirib ki, sərgidə nümayiş edilən əsərlər F. Mahmudovanın iki, üç illik yaradıcılığının məhsuldur.

“Fatimə Mahmudovanın əsərlərinə baxdıqda rəngarənglik və fərqliliyin şahidi oluruq. Ekspozisiyadakı rəsmlərdə daha çox gənc rəssamın təbiət mövzusuna müraciət etdiyini görürük. Biz bu gün sərgidə nümayiş edilən bir sıra əsərlərin satışını da təşkil etməyi nəzərdə tuturuq. Ziyarətçilərdən kim istəsə bu əsərləri ala biləcək. Mən gənc xanım rəssama yaradıcılıq axtarışlarında uğurlar arzulayıram. Ümid edirəm ki, F. Mahmudova daha böyük nailiyyətlərə imza atacaq, öz sənəti ilə xalqının, millətinin sevimlisi olmağı bacaracaq”, – deyə Z. Əvəzov vurğulayıb.

XSM-nın Uşaq Yaradıcılıq Rəsm Studiyasının rəhbəri, gənc rəssamın müəllimi Əbdül Şərifov çıxış edərək tələbəsinin yaradıcılığından danışıb. Sərgidə nümayiş olunan sənət əsərlərinin məna və məzmun baxımından olduqca maraqlı olduğuna diqqət çəkən Ə. Şərifov söyləyib ki, ekspozisiyada yer alan əsərlər tələbəsinin incəsənət duyumu və sənətə olan sevgisindən xəbər verir. Bildirib ki, sərgidə F. Mahmudovanın 70-dək rəsm əsəri yer alır. Tələbəsini sərgi münasibətilə təbrik edən müəllim, ona gələcək sənət fəaliyyətlərində yaradıcılıq uğurları arzulayıb.

Bakı Dövlət Universitetinin professoru Rövşən Xəlilov, rəssamın müəllimləri və yaxınları çıxış edərək sərgi ilə bağlı təəssüratlarını bölüşüb, rəsm əsərlərinin məziyyətlərindən bəhs ediblər.

Sonda gənc rəssam sərginin təşkilində əməyi olan hər kəsə təşəkkür edib.

Qeyd edək ki, F. Mahmudova respublikada təşkil edilən bir çox rəsm sərgilərinin fəal iştirakçısıdır.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!