FashionTəqdimat

Yaponiya paytaxtında “Tokyo Kimono Show-2019” festivalı keçirilir

Yaponiyanın paytaxtında “Imagine One World – Kimono project” (“Kimono layihəsi – vahid dünyanı təsəvvür edin”) layihəsi çərçivəsində “Tokyo Kimono Show-2019” festivalı keçirilir.

Frame.az Azərtac-a istinadən xəbər verir ki, mayın 2-dən 6-dək Tokionun Nihonbaşi əyləncə mərkəzində təşkil edilən festival həm paytaxt sakinləri, həm də Yaponiyaya gələn əcnəbi turistlər tərəfindən böyük maraqla qarşılanıb.

“Imagine One World – Kimono project” layihəsinin mətbuat xidmətinin rəhbəri xanım Orie Şimuzu bildirib ki, layihənin əsas məqsədi yapon mədəniyyəti ənənələrini bütün dünyaya təqdim etmək üçün 206 ölkənin və ərazi vahidinin kimonolarının yaradılmasıdır. Eyni zamanda, biz bununla insanların diqqətini dünyanın birliyinə, vahid məkan olmasına yönəltməyə çalışmışıq. Layihə 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarına qatılacaq qonaqları yüksək qonaqpərvərliklə qarşılamağa yönəlib. Layihəyə 2014-cü ildə start verilib və Yaponiyanın müxtəlif yerlərindən olan peşəkar dizaynerlərin iştirakı ilə indiyədək 100-dən artıq ölkənin milli ornamentlərini özündə əks etdirən kimonolar yaradılıb. Digər ölkələrə və ərazi vahidlərinə, o cümlədən Azərbaycana həsr olunan kimonolar hazırda işlənmə mərhələsindədir. “Tokyo Kimono Show-2019” festivalı çərçivəsində artıq hazır olan kimonolar festival iştirakçılarına təqdim ediləcək.

O.Şimuzu əlavə edib ki, Azərbaycan kimonosunun hazırlanmasının sponsoru qismində Osaka şəhərində fəaliyyət göstərən “Sakai” daşımaçılıq şirkəti çıxış edib. Hazırda peşəkar dizaynerlər tərəfindən “Azərbaycan” kimonosunun eskizi işlənib və xüsusi parçanın hazırlanması davam etdirilir. Bundan sonra isə kimano üzərində dərzilər işləyəcəklər və o, tezliklə tam hazır olacaq.

Festival çərçivəsində kimano, onun hazırlanması, kimano ilə birlikdə istifadə edilən aksesuarlar barədə iştirakçılara ətraflı məlumat verilir. Burada hazır kimonolarla yanaşı, həvəskarlar Yaponiyanın müxtəlif yerlərindən gəlmiş kimano üçün xüsusi parçalar, ayaqqabılar, çantalar, çətirlər və digər bəzək əşyaları hazırlayan ustalara sifarişlər də verə bilərlər.

Festival çərçivəsində xüsusi podiumda kimano sahəsində həm son yeniliklər, həm də “Imagine One World – Kimono project” layihəsi çərçivəsində hazırlanan milli kimanolar da tamaşaçılara təqdim edilib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!