“YARAT” Hindistan rəssamı Şilpa Quptanın “Mən bu lisanə sığmazam” adlı sərgisini təqdim edir

“YARAT” Müasir İncəsənət Məkanı Hindistanın tanınmış, beynəlxalq səviyyəli rəssamı Şilpa Quptanın fərdi sərgisini təqdim edir. İyulun 7-də “YARAT” Müasir İncəsənət Mərkəzində açılacaq sərginin ilham mənbəyini və mərkəzi hissəsini əsrlərboyu yaradıcılığına və siyasi baxışlarına görə həbslərə məruz qalmış 100 şairə ithaf edilən, yeni və genişmiqyaslı, çoxkanallı səs instalyasiyası təşkil edir. Bu instalyasiya sərgidə nümayiş etdirilən digər yeni rəsm və heykəltəraşlıq nümunələri ilə yanaşı, müasir dövrdə insanların söz və ifadə azadlığının zəifliyi və təsirlərə məruz qalması problemlərini ön plana çəkir.

“YARAT” Müasir İncəsənət Məkanından Frame.az-a bildirilib ki, sərgi məkanının bütövlükdə birinci mərtəbəsini əhatə edən 100 ədəd mikrofon 100 metal mil üzərindən asılıb. Millərin hər birinə, müxtəlif şeir parçalarının əks olunduğu səhifə keçirilib. Öz növbəsində, ayrıca asılmış mikrofon bu şeirləri oxuyur və yerdə qalan digər 99 mikrofon onu xorla əks-səda etdirir. Bir saatdan çox davam edən bu səsli əsər ingilis, ispan, ərəb, rus, Azərbaycan və hind dillərində səslənir. Səslərin xoru məkan boyunca yayılır və bununla da yaddaşa hopan bu sədaların arasıkəsilməz ardıcıllığını formalaşdırır. İnstalyasiyanın adı – “Mən bu lisanə sığmazam – 100 məhkum şair” (“For, in your tongue I cannot fit – 100 Jailed Poets”) XIV əsrin sonu XV əsrin əvvəllərində yaşamış dahi Azərbaycan şairi Nəsiminin məşhur şeirindən götürülüb.

Bu yeni, möhtəşəm əsər ilə yanaşı, şairlərin həyatını əks etdirən silsilə rəsmlər və obyektlər, o cümlədən metaldan hazırlanmış ağız boşluğu heykəli, kağız üzərində, itkin düşmüş şəxsin bədəninin ətrafında tikanlardan və çəkilmiş izlərdən ibarət rəsm əsəri də yer alıb. Dərin ziddiyyət, bağlılığın ifadəsi haqqında hekayələrdən bəhs edən əsərlər şairlərin təxəyyülünü və fiziki mütərəddidliyini idarə etməyə və məhdudlaşdırmağa çalışan siyasi və sosial qadağaları araşdırır.

Ekspozisiya ərazisində tavandan adətən tranzit zonalarda (hava limanları və s.), nəqliyyat şəbəkələrində rast gəldiyimiz, hərəkət cədvəllərini və qrafikləri bildirmək üçün istifadə edilən informasiya tablosu asılıb. Rəssam tablonun nəzərdə tutulan funksiyasını yaradıcılığında tətbiq edib və məlumat mətnini şeirlə əvəz edib. Şeirdə gəlmə-getmə prosesləri, insanların və ideyaların hərəkəti təsvir olunur. Bölünən lövhəli displey çevrildikcə, yeni sözlər və proza görünür və zaman-məkan boyunca identikliyi necə anladığımızı, necə təyin etməyimizi sual altına qoymağa, aktual və çağdaş düşüncələrə dalmağa vadar edir.

Məxsusi olaraq bu sərgi üçün rəssam öz “Görmürəm, eşitmirəm, danışmıram” (“Don’t See Don’t Hear Don’t Speak”, 2006) fotoqrafik silsiləsinə yenidən qayıdaraq üç oxşar insan – bir-birlərini əhatəyə alıb və bir-birlərinin gözlərini, qulaqlarını və ağzını yuman heykəl yaradıb. Mahatma Qandi tərəfindən məşhurlaşdırılan yapon deyimindən ilhamlanan bu əsər, bizim hazırda dəyişən siyasi landşaftımızı və yaxın dövrün separatizm dalğası kontekstindən qaynaqlanmaqla, rəssamın öz doğma vətənində yer alan şər qüvvələrə, insanların adətən öz baxışlarına görə məruz qaldığı basqılara istinad edir. Sərgidəki digər əsərlər ilə aktiv dialoq yaradan bu heykəl, ifadə azadlığının çox güclü inikasını təqdim edir. Rəssam öz əsəri haqqında bunları deyir: “Həqiqət səsləri zaman-zaman narahatlığa səbəb olub və elə bu gün də bu səslər kəsilir, batırılır… Amma həmin səslərin əks-sədaları qalır və eşidilməkdə davam edir”.

Şilpa Quptanın səs instalyasiyası “YARAT” Müasir İncəsənət Məkanı və Edinburq İncəsənət Festivalı tərəfindən birgə sifariş edilib.

Sərginin kuratoru Byörn Geldhofdur.

Şilpa Qupta (d.1976, Mumbay, Hindistan) Mumbay şəhərində yaşayır və fəaliyyət göstərir. 1997-ci ildə Ser Camsetci Cicebhoy adına İncəsənət Məktəbini (Sir J. J. School of Fine Arts) bakalavr dərəcəsi ilə bitirib. Quptanın əsərləri dünyanın bir çox yerlərində, o cümlədən Venesiya Biennalesi, Berlin Biennalesi, Tate Modern qalereyasında (London), Pompidu Mərkəzində (Paris), Solomon R. Quqenhaym Muzeyi (Nyu-York), Devi Art Fondu (Qurqaon), San-Fransisko Müasir İncəsənət Muzeyi və Mori Muzeyində (Tokio) nümayiş etdirilib.

2004-cü ildə təsis edilmiş və bir qayda olaraq avqust ayında keçirilən Edinburq İncəsənət Festivalı təsviri incəsənət nümunələri üçün platformadır. Bu festival paytaxtın aparıcı qalereyalarını, muzeylərini və yaradıcılıqla məşğul olan məkanlarını bir araya gətirərək, ən möhtəşəm təsviri incəsənət nümunələri ilə bütün şəhəri bayram əhval-ruhiyyəsinə qərq edir. Hər il festival çərçivəsində həm beynəlxalq səviyyəli, həm də Birləşmiş Krallığın aparıcı rəssamlarının, eyni zamanda, ən istedadlı, yaradıcılığa yeni başlayan rəssamların iştirakı ilə tarixi simaları araşdıran iri sərgilər, habelə şəhərin ictimai və tarixi yerləri barədə yeni ərsəyə gətirilmiş incəsənət nümunələrinin xüsusi proqramı də yer alır. 2017-ci ildə bu festivalı 315000 nəfər ziyarət edib. Edinburq İncəsənət Festivalı qeydiyyatdan keçmiş xeyriyyə tədbiridir və “Creative Scotland” təşkilatı və şəhər bələdiyyəsinin dəstəyi ilə təşkil edilir.

“YARAT” Müasir İncəsənət Mərkəzində keçiriləcək “Mən bu lisanə sığmazam” sərgisi sentyabrın 30-dək davam edəcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: