EventsFestivallarTeatrTəqdimat

“YARAT” Müasir İncəsənət Məkanında 3-cü M.A.P. Beynəlxalq Teatr Festivalının açılışı olub

Oktyabrın 10-da “YARAT” Müasir İncəsənət Məkanında 3-cü M.A.P. Beynəlxalq Teatr Festivalının açılış mərasimi olub.

Oktyabrın 20-dək davam edəcək festival “YARAT” Müasir İncəsənət Məkanının “Bakcell” şirkəti ilə tərəfdaşlığı çərçivəsində reallaşır.

Tədbiri “YARAT” Müasir İncəsənət Mərkəzinin bədii direktoru Suad Qarayeva-Maleki açaraq festival barədə məlumat verib. Bildirib ki, M.A.P. Festivalı (Music, Art, Performance – terminlərin abreviaturası) tamaşaçı auditoriyalarına müasir teatr formalarının geniş spektrini araşdırmağa kömək etmək məqsədilə, teatr sənətinin fərqli formalarını bir araya gətirən ünsiyyət, təhsil, bilik və təcrübə mübadiləsi platformasıdır. “Əvvəlki iki buraxılışda olduğu kimi bu dəfə də festival şəhərin əsas teatr səhnələrini əhatə edəcək və auditoriyanı son bir neçə ildə rəğbət qazanmış ən cəsur və maraqlı tamaşalarla tanış edəcək. Proqrama dram, müasir rəqslər, fiziki teatr və kukla tamaşalarından tutmuş klounada və sirk elementlərinə malik musiqili tamaşalara qədər ən müxtəlif janr və istiqamətləri təmsil edən 9 ölkədən 18 tamaşa daxildir.

Bu il festivalda Y.Vaxtanqov adına Dövlət Akademik Teatrı (Rusiya), “AXE” Mühəndis Teatrı (Rusiya), “Priyut komedianta” Teatrı (Rusiya), “Kukolniy dom” Teatrı (Rusiya), “Yeni Riqa” Teatrı (Latviya), Akademik Malıy Dram Teatrı – Avropa Teatrı (Rusiya), “Devid Espinoza Kukla” Teatrı (İspaniya), “OLE!” kollektivi (İspaniya / Böyük Britaniya), “WHS” Teatrı (Finlandiya), dünyaca məşhur “Kibbutz” Müasir Rəqs kollektivi (İsrail), “Sardegna” Teatrı (İtaliya), “Atelye” Teatrı (Rusiya), “Puppet Cinema” kollektivi (İsrail) və “Recirquel” şirkəti (Macarıstan) iştirak edəcək” – deyə Suad Qarayeva-Maleki qeyd edib.

“Bakcell” şirkətinin baş icraçı direktoru Rainer Rathgeber festivala dəstək olmaqdan məmnunluğunu ifadə edərək deyib: “Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” artıq üçüncü ildir ki, M.A.P. Festivalının baş sponsoru və əsas tərəfdaşıdır. “Bakcell” Azərbaycanda mədəniyyətin və incəsənətin inkişafına, gənc nəsil arasında mənəvi dəyərlərin təbliğinə töhfə vermək üçün əlindən gələni edir və bundan sonra da bu təşəbbüsləri dəstəkləməyə hazırdır. Bundan fərəh hissi duyur”.

Festivalın bədii direktoru Kamran Şahmərdan bildirib ki, festival onun rejissoru olduğu “Dəli yığıncağı” tamaşası ilə açılacaq. Qeyd edib ki, Azərbaycan ədəbiyyatının klassik nümayəndəsi Cəlil Məmmədquluzadənin eyniadlı pyesini yenidən nəzərdən keçirərək onu müasir cəmiyyətə uyğun yeni ifadə, musiqi və enerji ilə daha da zənginləşdirib.

K.Şahmərdan vurğulayıb ki, M.A.P. Festivalı həmişəki kimi gənc aktyorlar, rejissorlar və dramaturqların biliklərini paylaşdığı və daha təcrübəli həmkarlarının təcrübəsindən öyrəndiyi təhsil platforması statusunu saxlayır. Festival proqramında onun qonaqlarının təqdimatı ilə çox sayda mühazirə və ustad dərsləri yer alacaq. “Mənim üçün teatr həmişə öyrənməyə çalışdığım ecazkar bir məkan olub. Bura aktyor və tamaşaçının birlikdə yaşadığı, bir-birini dərindən hiss etdiyi və hər birinin öz yolunu seçdiyi yerdir. Biz teatr istiqamətləri arasındakı sərhədləri silərək klounadadan və fiziki teatrdan opera, balet və audiovizual ifalara qədər ifa sənətinin bütün növlərini əhatə edən, fərqli parlaq rənglərdən ibarət festival palitrasını nümayiş etdirmək istəyirik. Bununla biz teatr aləminin müasir tendensiyalarını nəzərə alaraq Azərbaycan tamaşaçısını yeni ideyalarla təəccübləndirmək və onlara müxtəlif teatr növləri arasında seçim etmək imkanı vermək arzusundayıq. Festivalımızın əsas məqsədi – sizə sevimli teatr janrınızı seçmək imkanı verməkdir.

Məhz Bakı şəhəri öz gözəl infrastrukturu, çoxsaylı teatr və muzeyləri, park və bulvarları ilə festivalımızın baş qəhrəmanıdır.

Mən əminəm ki, teatr cəmiyyətin ruhu və güzgüsüdür. Mən “teatral millət” anlayışı ilə qəti şəkildə razı deyiləm. Teatr ümumbəşər hadisədir, sintetik dilə malikdir və hər xalqa xitab edir. Bizim teatr irsimizə gəldikdə isə, bu, əsrlərin dərinliyinə uzanan köklərə malik ənənəvi meydan teatrıdır. Bu ənənələri hələ də Novruz bayramında yada salırıq.

Biz dünyaya opera sənətinin xüsusi istiqamətini – muğamı bəxş etmişik və bununla teatr aləminə öz töhfəmizi verib onu zənginləşdirmişik. Biz teatrı sevirik, onu anlayırıq. Teatra getməyimizlə və teatr həyatında iştirak etməyimizlə ona dəstək olmaq vaxtı gəlib çatıb. Siz teatrı sevə bilərsiniz, ona nifrət də edə bilərsiniz, lakin heç vaxt ona qarşı laqeyd qalmayın. Bilik və təcrübəmi Azərbaycan tamaşaçı auditoriyası ilə paylaşmaq imkanını mənə qazandırdıqları üçün “YARAT” Müasir İncəsənət Məkanına və şəxsən Aida Mahmudovaya ürəkdən minnətdaram. М.А.Р sizin teatr bayramınızdır” – deyə Kamran Şahmərdan vurğulayıb.

Tədbirdə “Priyut komedianta” Teatrının direktoru Viktor Minkov və rejissoru Mixaıl Bıçkov çıxış edərək festival barədə öz fikirlərini bölüşdülər.

Daha sonra tədbir iştirakçıları M.A.P. Festivalının keçirildiyi 3 il ərzində səhnələşdirilmiş bütün tamaşaların afişalarından ibarət sərgi ilə tanış olublar.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!