Site icon Frame.az

2020-ci ildə Şərq Tərəfdaşlığı ölkələri arasında rominq tariflərinin azaldılmasına dair saziş imzalana bilər

Şərq Tərəfdaşlığı ölkələri arasında rominq tariflərinin azaldılması ilə bağlı birgə iclas keçirilib.

Litvanın paytaxtı Vilnüs şəhərində  keçirilən iclas Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin Rabitə Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) Rominq üzrə Ekspert İşçi Qrupunun (REWG), Avropa ölkələrinin aidiyyəti dövlət orqanlarının nümayəndələrinin və bu ölkələrin Litva Respublikasında akkreditə olunmuş diplomatik nümayəndələrinin iştirakı ilə baş tutub.

Azərbaycan Respublikası tərəfindən iclasda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri ilə yanaşı ölkəmizin Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri iştirak edib.

İclasın əsas məqsədi Şərq Tərəfdaşlığı regionunda rominq tariflərinin azaldılması məqsədilə 2020-ci ildə imzalanması nəzərdə tutulan Regional Rominq Sazişinə hazırlıq çərçivəsində görülən işlər barədə fikir mübadiləsinin aparılması olub.

Sözügedən iclas Avropa Komissiyasının dəstəyi, Litva Respublikasının Tənzimləyici Qurumu, eləcə də REWG-ə sədrlik edən Ukraynanın Rabitə və İnformasiyalaşdırmanın Dövlət Tənzimlənməsi üzrə Milli Komissiyasının təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq rominq sahəsində ən yaxşı təcrübələri araşdırılaraq müqayisə edilib. Həmçinin rominq bazarı üzrə milli qaydaların yaxşılaşdırılması üçün tənzimləyici platformanın hazırlanması, eyni zamanda Aİ-yə üzv dövlətlərin və tərəfdaş ölkələrin tənzimlənən bazarlarına aid yeni çağırışlar və əldə edilmiş nailiyyətlərə dair geniş müzakirələr aparılıb.

Frame.az

 

Exit mobile version