2022 Formula 1 Azərbaycan Qran Prisinə marşal qeydiyyatı uğurla başa çatdı

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK)10-12 iyun 2022-ci il tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Pri yarışlarına Marşal qeydiyyat proqramını uğurla başa vurdu.Yanvarın 10-dan etibarən başlayan seçimlərdə 3000-ə yaxın şəxs namizədliyini irəli sürərək, qeydiyyatdan keçmişdir.

Fevral ayında başlayan müsahibə mərhələsiisə 20 fevral 2022-ci il tarixində yekunlaşıb. Artıq  440-a yaxın namizəd müsahibə mərhələsində iştirak etmişdir. Müraciətlər arasında yerli namizədlərin sayi – 2300 nəfərə çatıb ki, onlardan 950 nəfəri öncəki yarışlarda  uğurla iştirak etmiş, təcrübəli marşallardır. Xarici ölkələrdən olan marşalların müraciət sayı isə 360 nəfərə çatıb. Ümumilikdə, 2016-ci ildən etibarən qeydiyyatdan keçmiş təcrübəli marşalların sayı 3400 nəfəri keçib.

Mart ayından etibarən isə  marşalların təlimlərinə start veriləcək. Təlimlər hər şənbə və bazar günləri Avropa Oyunları Parkında yerləşən Marşal tədris-təlim mərkəzində keçiriləcək. Bu prosesin iyun ayına qədər davam etməsi nəzərdə tutulur.

Formula 1 Azərbaycan Qran Pri yarışlarında marşal fəaliyyətini uğurla başa çatdırmış hər bir şəxsə Azərbaycan Avtomobil Federasiyası və Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən beynəlxalq lisenziya təqdim olunacaq. Beynəlxalq lisenziya marşallara, yalnız Azərbaycanda deyil, həmçinin Formula 1 Qran Prisinə ev sahibliyi edən digər ölkələrdə  keçiriləcək yarışlara qatılmaq hüququ verəcək.

Dünyada keçirilən bütün Formula 1 yarışlarının təşkilatçılığı və keçirilməsində marşallar böyük əhəmiyyət daşıyır. F1 aləmində marşallara həmçinin “Yarış Rəsmiləri” də deyilir. Onların fəaliyyəti F1 pilotlarının təhlükəsizliyinin təminatında və bütün marşal komandasının inzibati təşkilatçılığında həyati əhəmiyyət daşıyır.

Qeyd edək ki, Bakı Marşal Klubu Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən 16 fevral 2016-cı ildə təsis olunub.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: