Baku City CircuitFormula 1Idman

2023 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində əsas yarışın sıralanma turundan sonra mətbuat konfransı keçirilib

2023 Formula 1 Azərbaycan Qran Prisinin növbəti mətbuat konfransı 28 aprel tarixində baş tutdu.

Qran Prinin əsas yarışı üçün sıralanma turundan sonra keçirilən mətbuat konfransında F1 pilotları yarış haqqında təəssüratlarını bölüşdü. Konfransda sıralanma turunda ilk üçlükdə yer alan pilotlar – Ferrari komandasından Şarl Lekler, Redbull komandasından Maks Ferstappen və Serxio Peres iştirak ediblər.

“Poul pozisiyasında olmağımız Avstraliya Qran Prisindən etibarən düzgün istiqamətdə olduğumuzu göstərir. Düşünürəm ki, Bakı mənim üçün düşərli oldu. Bu trek üçün çox darıxmışdım. Bakı, Sinqapur və Monako ən sevdiyim treklərdir”- deyə Şarl Lekler bildirdi.

Sıralanma turunun ikincisi niderlandlı pilot Maks Ferstappen açıqlamasında dedi: “Startda özümə o qədər əmin olmasam da, ikinci yerdə olmağıma şadam.” Bundan başqa, o, Şarl Leklerin poul pozisiyası tutmağına təəccüblənmədiyini və bunun gözlənilən olduğunu vurğuladı.

Ötən Qran Pridən sonra olan üç həftəlik fasiləyə baxmayaraq özünü yarışa tam hazır və əmin hiss etdiyini deyən Serxio Peres əlavə etdi: “Sıralanma turunda sıx rəqabət var idi, buna görə də tam olaraq istədiyim nəticəni əldə edə bilmədim.”

Qeyd edək ki, qazandığı üç podium ilə Serxio Peres Azərbaycan Qran Prisi tarixində ən çox podiuma çıxmış pilotdur.

Tam sürətlə davam edən Azərbaycan Qran Prisində 29 aprel şənbə günü sürətsevərlərin səbrsizliklə gözlədiyi Sprint yarışının təsnifatı və daha sonra isə Sprint yarışı keçiriləcək. Yarışdan sonra isə azarkeşlər niderlandlı DJ Hardwellin konsertində unudulmaz anlar yaşayacaqlar.

Yarış həftəsonunun əsas yarışı – Azərbaycan Qran Prisi isə 30 aprel, saat 15:00-da baş tutacaq.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!