Azərbaycanın cənub bölgəsinə “Agri-Vision” layihəsi çərçivəsində media tur təşkil edilib
Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və Konstitusiya Araşdırmalar Fondu tərəfindən Azərbaycan Respublikasının Lənkəran iqtisadi regionunun Lənkəran, Masallı, Lerik və Astara rayonlarında 2 illik ” Agri – Vision” layihəsi həyata keçirilir.
01.08.2020-ci il tarixindən start götürmüş layihənin əsas məqsədi Azərbaycanın cənub bölgəsindəki kənd ev təsərrüfatlarının gəlirlərini artırmağa və Azərbaycanın şəhər və kənd əhalisi arasında əlaqəni gücləndirməyə kömək edəcək davamlı və təkrarlana bilən aqrar turizm ( ekoturizmin ) inkişaf mexanizmini yaratmaq və sınaqdan keçirməkdir.
Bu yaxınlarda sözü gedən layihənin üzvləri ilə tanışlıq məqsədilə bir qrup media nümayəndələrinin cənub bölgəsinə üç günlük səfəri təşkil olundu.
Səfərin ilk günü media nümayəndələri Astara rayonunun Sım kəndində yerləşən ” Bal Qayası” turizm müəssisəsinə baş çəkdilər. Müəssisənin sahibi Pərviz Salayev əsasən dəmirçiliklə məşğuldur və kənd təsərrüfatı alətləri istehsal edir. Burada həmçinin qonaqları qəbul etmək üçün bir neçə boş ev var. Gələn turistlər, eləcə də yerli qonaqlar bu evlərdə qalıb istirahət edə bilərlər. Evlər kəndin müxtəlif yerlərində yerləşir. Ziyarətçilərə dağlara, şəlaləyə, nadir ağaclar və qədim yerlərə turlar təklif olunur.
Elə həmin gün jurnalistlər Astara rayonun daha bir səfalı mərkəzində qonaq oldular. Səncərədi kəndində yerləşən, ərazisi 4 hektar olan “Yaşıl Göl” turizm müəssisəsinin sahibi Tələt Habibovdur. Burada əsasən balıqçılıq və bağçılıqla məşğul olurlar. Gələn qonaqlara istirahət etmək üçün evlər, balıq ovu təklif olunur.
Daha bir turizm müəssisəsi rayonun Kijəbə qəsəbəsində yerləşən “Balıqçı Abi” -dir. Sahibkar Abi Ağayevdir. Burada gələn qonaqlara Astara rayonun möhtəşəm bulvarında gəzmək, yay vaxtı pulsuz çimərlik xidmətləri, eləcə də balıq tutmaq, müxtəlif masterklasslar təklif olunur. Qonaqların gecələməsi üçün koteclər də fəaliyyət göstərir.
İlk gün son dayanacaq Lənkəran rayonun İstisu qəsəbəsində, Havzava və Haftoni kəndlərinin arasında yerləşən “Citrus Valley” turizm müəssisəsi oldu. Ərazisi 15 hektar olan bu məkanın sahibəsi Rəftarə Şükürovadır. Burada çoxlu sayda sitrus meyvə ağacları, 250 gavalı, 100 albalı, 2700 kivi, 5000 feyxoa, 300 limon, 50 portağal, 400 naringi və.s ağaclar var. Müəssisənin ərazisində bişirmək və 50-yə yaxın qonağa xidmət göstərmək üçün avadanlıqlar var..Gələn xarici qonaqlara Rəftarə xanımın özü şəxsən Azərbaycanın cənub zonasının milli yeməkləri hazırlayıb təqdim edir. Burada qonaqlar ərazini gəzib, yetişmiş meyvələrin yığımında iştirak edə də bilər.
Səfərin növbəti günü media nümayəndələri Lerik rayonunun Piran kəndində yerləşən, sahibkar Mahir Surətova məxsus ” Bal Süfrəsi” turizm məkanında qonaq oldular. Sahibkar arıçılıqla məşğuldur. Gələn qonaqlara gecələmək üçün evlər, həmçinin bal emalı ilə bağlı masterklasslar təklif olunur.
Eyni gündə Lerik rayonunun Bilnə kəndində yerləşən ” Səfalı Göl” adlı turizm məkanında qonaq olan jurnalistlərin suallarını sahibkar Əfsər Həmidov cavablandırdı. Bu ərazidə iki göl mövcuddur. Ziyarətçilərə yerli turlar, balıq tutma kimi xidmətlər təklif olunur.
Azərbaycanın ən qədim sənət növlərindən biri də misgərlikdir. Bu sənəti dövrümüzdə yaşadıb yaradan sahibkar Taleh Ağayev Masallı rayonunun Boradigah qəsəbəsində fəaliyyət göstərir. O həmçinin ABAD publik hüquqi şəxsi ilə əməkdaşlıq da edir. Ziyarətçilərə misgərlik nümunələrinin hazırlanması üzrə masterklasslar təklif olunur.
Sonuncu turizm müəssisəsi Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən “OBAL”-dır. Sahibəsi Qönçə Quliyevadır. Burada əsasən arıçılıqla məşğul olurlar. Həmçinin ərazidə 2000 tut ağacı da var. Ziyarətçilər “İsti Su” istirahət mərkəzinin xidmətlərindən də istifadə edə bilərlər.
Xatırladaq ki, 24 ay davam edəcək fəaliyyətin sonunda Lənkəran iqtisadi bölgəsində 10 ədəd kənd-turizm məntəqəsinin yaradılması və fəaliyyət göstərməsi planlaşdırılır.
Əsas hədəf kütləsi bölgədə yerləşən kiçik və orta ailə təsərrüfatları və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisələr olan bu layihə 31 iyul 2022-ci il tarixində başa çatacaq.
Gəlin birlikdə kənd icmalarına əlavə gəlir gətirən və iqtisadi ekoloji dayanıqlığı özündə birləşdirən turizmin müəyyən növlərini inkişaf etdirməyə yönələn “Agri-Vision” layihəsinə dəstək olaq.