5 noyabr tarixində “TOPs proqramı – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsi çərçivəsində 8 Noyabr – “ZƏFƏR GÜNÜ” münasibətilə təşkil edilmiş estafet tipli idman oyunlarından ibarət yarışlara yekun vurulub. Bakı şəhərinin Nərimanov rayonu Məktəb-Lisey kompleksində TOPs festivalı formatında təşkil olunmuş final yarışlarında 4-cü və 6-cı siniflərin 72 nəfər şagirdi çempionluq titulu qazanmaq üçün bir araya gəlib. Ümumilikdə bu yarışlarda 24 sinifdən 300 nəfərə yaxın şagird iştirak edib.
Festival öz işinə “Zəfər Günü” mövzusunda təşkil edilmiş rəsm sərgisi ilə başlayıb. Tədbirdə Təhsil Nazirinin müavini Firudin Qurbanov, British Council Azərbaycan ofisinin direktoru FrancisGardener-Trejo, Azərbaycan Dövlət BT və İdman Akademiyasının rektoru Fuad Hacıyev, UNICEF Azərbaycan nümayəndəliyinin rəhbəri Alex Heykens və bir sıra digər qonaqlar iştirak edib.
Təhsil Nazirinin müavini Firudin Qurbanov Festivalın açılışında çıxış edərək pandemiyadan sonra məktəblilərin sağlamlığının qorunmasında,fiziki inkişafında bədən tərbiyəsi və idmanın artan rolundan danışıb. Onun sözlərinə görə: “Üç gün sonra ölkəmizdə Zəfər Bayramı keçriiləcək. 30 ildən sonra Vətən torpaqlarımız işğaldan azad edildi. Bölgənin yenidənqurulması işlərinə artıq başlanlıb və bu işdə gənclərin də böyük rolu olacaq. Elə buna görə də bugünkü tədbirin böyük əhəmiyyəti var, çünki birbaşa gənclərimizin sağlamlığı ilə bağlıdır. TOPs proqramının əsas məqsədi fiziki tərbiyə dərslərini maraqlı, cəlbedici keçirilməsini təmin etməkdir. Bir daha hər birinizi Zəfər Günü münasibətilə təbrik edirəm”.
UNICEF Azərbaycan nümayəndəliyinin rəhbəri Alex Heykens idmanın gənclərin həyatında önəmli rolundan danışıb: “İdman uşaqların inkişafı baxımından çox vacib amildir. İdman dedikdə inklüzivlik vəinklüzivlikdə çeşidlilik çox önəmlidir. Sağlamlıqlarında məhdudiyyət olan uşaqların da idman dərslərində aktiv iştirakı təmin edilməlidir. İnklüzivliyin bir növü də həm oğlan, həm də qızların istədikləri idman növü ilə məşğul ola bilməsidir. TOPs proqramı da bu mənada çox əlamətdardır, çünki müasir tədris yanaşmalarını həyata keçirmək imkanı yaradır”.
British Council Azərbaycan ofisinin direktoru FrancisGardener-Trejo da tədbirdə çıxış edərək: “Xüsusilə hazırki dövrdə liderlik və kollektiv fəaliyyət bacarıqlarının inkişaf etdirilməsi çox vacibdir. Bu istiqamətdə gənclərin hərtərəfli inkişafı işinə öz töhfəsini verən TOPs proqramında əməyi keçən tərəfdaşlarımıza təşəkkür edirəm. Biz layihənin müsbət nəticələrini artıq görürük. Bu proqramın həyata keçirilməsi Azərbaycanın Olimpiya və Paralimpiya oyunlarında gələcəkdə də yüksək nəticələr əldə etməsinə səbəb olacaq” – deyib.
Azərbaycan Dövlət BT və İdman Akademiyasının rektoru Fuad Hacıyev TOPs metodologiyasının artıq Akademiyanın tədris proqramına daxil edildiyini diqqətə çatdırıb: “Zəfər Günü münasibəti ilə mən də hər kəsi təbrik edirəm. Həqiqətən möhtəşəm, tarixi qələbədir. TOPs proqramı sağlam gənclərin formalaşmasında böyük rolu olan bir proqramıdır. Sağlam gənclik həm də ölkənin müdafiə qüvvəsi deməkdir. Bu günkü final yarışında gücünü sınayan məktəblilərə uğur arzulayıram.”
Rəsmi çıxışlardan sonra estafet yarışlarının final mərhələsinə start verilib. Yarışlar arası fasilələrdə məktəbin özfəaliyyət qrupunun üzvləri vətənpərvərlik mövzusunda müxtəlif rəqs və musiqi nömrələri ilə çıxış edib. Festivalın sonuna qalib komandaların mükafatlandırılması mərasimi baş tutub. Qonaqlar qaliblərə diplomlar və kuboklar təqdim edib.