Uşaq və Ailələrə Dəstək Mərkəzləri fəaliyyət göstərdikləri bölgələrdə sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə işləri aparıb.
Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin təşkilatçılığı ilə Saatlı rayonu Əhmədbəyli kənd tam orta məktəbi, Goranboy rayon Veyisli kənd tam orta məktəbi, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 156 nömrəli tam orta məktəb və Zərdab rayon Gənclər Mərkəzində uşaq və gənclər arasında düzgün qidalanma, sağlam həyat tərzinin təbliği, narkomaniya, tütün, alkoqol və digər zərərli vərdişlərin insan sağlamlığına mənfi təsiri barədə maarifləndirici tədbirlər həyata keçirilib.
Tədbirlərdə narkotik maddələrin qəbulunun insanın fiziki və psixoloji cəhətdən məhvinə səbəb olduğu xüsusi vurğulanıb, gənclər arasında narkomaniyaya qarşı mübarizə işinin gücləndirilməsinin vacibliyi qeyd edilib. Həmçinin narkotiklərin cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər.
Tədbirlərin gedişatında məktəblilərin mövzu ətrafında sualları cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb, həmçinin sosial videoçarxlar nümayiş etdirilib.