Dəb sahəsinin ən parlaq hadisələrindən biri “Azerbaijan Fashion Week”-in imic çarxı təqdim olundu. Video çarxın çəklişlərində AFW-nin 16-cı yaz-yay mövsümünün rəsmi siması estrada ulduzu, gənc müğənni Rilaya Hüseynzade iştirak edib. Müğənninin geyimi şərq mədəniyyəti və milli adət-ənənəni özündə əks etdirən azərbaycan brendi “Natavan Gallery” kolleksiyasına aiddir. Rilaya Hüseynzadənin obrazının yaradılmasında həmçinin vizaj və saç ustası Venera İbrahimova iştirak etmişdir.
İmic çarxının çəkliş məkanı da özünə böyük diqqət cəlb edir. AFW-nin baş direktoru Nicat Baxşaliyevin sözlərinə görə Dövlət tarix-mədəniyyət və təbiət qoruğu “Yanar dağ”ın ərazisində çəkilən klip özündə dəb həftəsinin 16-cı mövsümünün əsas mövzuları – “alov”, “atəşpərəstlik” və Zərdüştlüy tarixi ilə yanaşı tədbirin əsas şuarı “Od. Həyat. Dirçəliş” əks etdirir.
Nicat Baxşaliyevin sözlərinə görə, əsas məqsədlərdən biri Azərbaycanın rəmzlərindən biri sayılan “alov”a vurğu etmək, milli və mənəvi dəyərlərimizi dirçəltməkdir. “Bu video çərçivəsində bizim daxilən kim olduğumuzu çatdırmaqdır. Qədim zamanlarda Azərbaycan torpağında minlərlə od yanırdı. İstər möhtəşəm məbədlərdə, istərsə də sadə adamların səcdəgahlarında “müqəddəs” od alovlanırdı. Bu qədim odlardan da Azərbaycan özünün “odlar yurdu” adını almışdır. Qeyri-kommersiya təşkilatımız yarandığı tarixdən etibarən adət-ənənə və milli dəyərlərimizə köklənərək, müasir dövrün tendensiyaları ilə ayaqlaşmağa çalışır. Hər mövsüm ənənəvi olaraq tədbirlərimizə müxtəlif ölkələrdən onlarla dizayner, tamaşaçı, jurnalist, bloger və s. qatılır. Ölkə dəyərlərimizi, milli sərvətlərimizi, qədim tarimixizi onlara düzgün şəkildə çatdırmaq üzərimizə düşən əsas vəzifələrdən biridir.”
İmic çarxının ssenari quruluşu və çəklişlərində fotoqraf Mikail Quliyev (@mikailphoto), Fərəh Tağızade (quliyeva @guliyevafilms), Fəridə Əli (@freedainlove) və dizayner Natəvan Əliyeva iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan dəb həftəsinin 16-ci mövsümü 16 və 17 may tarixlərində Bakı şəhərində baş tutacaq. Tədbirdə yerli sənətçilərlə yanaşı bir sıra Orta Asiya, Yaxın Şərq, keçmiş MDB və digər ölkələrdən qonaqlar, dizaynerlər, jurnalistlər, blogerlər və “buyer”lər iştirak edəcək.