Site icon Frame.az

Agentlik “İnformasiya texnologiyaları sahəsi üzrə Könüllü Proqramı” elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) cari ilin aprel ayından növbəti Könüllü Proqramı layihəsinə start verib. “İnformasiya texnologiyaları (İT) sahəsi üzrə Könüllü Proqramı” könüllülərə yüksək komanda ruhunda, gənc və peşəkar kollektivdə çalışmaq, təlimlərdə iştirak, İT sahəsi üzrə biliklərin inkişaf etdirilməsi və proqramı uğurla bitirənlərin işlə təmin olunması imkanını vəd edir.

Davametmə müddəti 3 ay olacaq bu proqram iştirakçılara .NET/.NET Core üzrə Backend Proqramlaşdırma və ya React üzrə Frontend Proqramlaşdırma istiqamətlərindən birində praktiki təcrübə əldə etmək şansını təklif edir. Könüllülər Agentliyin İnformasiya sistemlərinin idarəedilməsi departamentinin peşəkar və yenilikçi əməkdaşları ilə çalışaraq mövcud texniki biliklərinə yeni təcrübələr əlavə edib, öz bilik və bacarıqlarını təkmilləşdirəcəklər.

Proqramda iştirak üçün qeydiyyatdan keçmiş şəxslər ilkin olaraq test mərhələsində özünü sınayacaq, bu mərhələni uğurla başa vuranlar isə müsahibəyə dəvət olunacaqlar. Müsahibə mərhələsində də müvəffəqiyyət əldə edən şəxslər könüllü iştirakçılar sırasına qatılacaqlar.
Layihə müddətində göstərdikləri nəticələrə əsasən könüllülərin bir qismi iş ilə, digər qismi isə sertifikat və xasiyyətnamə ilə təmin olunacaq. Digər könüllülərin məlumatları isə Agentliyin kadr ehtiyat bazasına daxil ediləcək ki, bununla da gələcəkdə uyğun vakansiyalar olduqca həmin şəxslərin müraciətlərinə yenidən baxılacaqdır.

Bu şansı dəyərləndirmək istəyən gənclər 14.05.2023-cü il tarixinədək https://forms.office.com/r/tMWz2gBGWZ linki vasitəsilə qeydiyyatdan keçməlidirlər. Müraciətlər nəzərdən keçiriləcək, tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Əgər siz də ali təhsil müəssisələrinin 4-cü kurs bakalavriat pilləsində və ya 1-ci, 2-ci kurs magistratura pilləsində İT istiqamətləri üzrə təhsil alırsınız, öyrənməyə və inkişafa meyillisiniz, səlis Azərbaycan dili və texniki səviyyədə ingilis dili biliyiniz varsa, bu şansı qaçırmadan, müraciət üçün tələsin.

Qeyd edək ki, İT sahəsində könüllü proqramı daha öncə də həyata keçirilmişdir. Proqram iştirakçıları arasından 12 nəfər gənc könüllü 2022-ci ildə Agentliyin İT və İnnovasiyalar İdarəsinin müxtəlif şöbələrində kiçik mütəxəssis vəzifəsi üzrə işə qəbul edilmişdir.

Agentlik tərəfindən könüllülük fəaliyyətini tənzimləyən “Könüllü fəaliyyət haqqında” qəbul olunmuş Azərbaycan Respublikasının Qanununa və “Dövlət Gənclər Siyasəti Haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, dövlət tərəfindən aparılan siyasətə dəstək olaraq gələcəkdə də könüllü proqramlarının həyata keçirilməsini planlaşdırır.

 

Exit mobile version