Site icon Frame.az

Agentliyin “1542” Çağrı mərkəzi 95%-dən çox zəng cavablandırıb

2024-cü ilin yanvar-iyun ayları ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) “1542” Çağrı mərkəzinə ümumilikdə 143 430 zəng daxil olub. Çağrı mərkəzinin icbari tibbi sığorta ilə bağlı xəttinə 34 975, müqaviləli özəl tibb müəssisələrində xidmət ilə bağlı xəttinə 8970, göndərişlərin verilməsi ilə bağlı xəttinə 11 518, koronavirusla bağlı xəttinə 541, operator ilə əlaqə xəttinə isə 87 426 zəng daxil olub.

Bu ilin 6 ayı ərzində ümumilikdə daxil olan zənglərin 95.80%-i cavablandırılıb. 30 saniyə ərzində cavablandırılan zənglər isə 91.36% təşkil edib. Bu isə o deməkdir ki, Agentliyin Çağrı mərkəzi “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nda müəyyən olunmuş minimum hədəf faizini (müvafiq olaraq 90% və 80%) aşıb. Çağrı mərkəzinə zəng edən vətəndaşların orta gözləmə müddəti 15 saniyə olub.

Onu da qeyd edək ki, Çağrı mərkəzi xidmətinin operativliyinin təmin edilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədilə bir sıra işlər aparılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 6 ayında cavablandırılmayan zənglərin sayında 9% azalma olub. Ümumi zənglərin sayında isə 25% artım müşahidə olunur.

Qeyd edək ki, Çağrı mərkəzi azərbaycan dili ilə yanaşı, rus dilində də fəaliyyət göstərir. Sözügedən müddət ərzində rus dilində Çağrı mərkəzinə ümumilikdə 1798 zəng daxil olub.

Çağrı mərkəzinə daxil olan müraciətlər əsasən icbari tibbi sığorta ilə müayinə və müalicə, dərman və tibbi sərf, tibbi sənədlər (tibbi arayışlar, ölüm haqqında şəhadətnamə və s.), təcili tibbi yardım xidmətinin təmin edilməsi və Vətən müharibəsi iştirakçılarının xidmət alması ilə bağlı mövzuları əhatə edib.

Əlavə olaraq bildirək ki, “1542” Çağrı mərkəzinə nahar və ya gecə vaxtı daxil olan və hansısa səbəbdən cavablandırılmayan zənglər itirilmir, onlara sonradan geri dönüş olunur.

Həmçinin Agentliyin rəsmi internet səhifəsində (its.gov.az) “Zəng sifariş et” funksiyası sayəsində vətəndaşlarla əlaqə saxlamaq mümkündür. Sözügedən müddət ərzində 1078 zəng sifarişi edilib.

Məlumat üçün bildirək ki, Agentliyin Çağrı mərkəzi 4 yönəldici xətt üzrə xidmət göstərir. Çağrı mərkəzinin icbari tibbi sığorta xətti (1542-1), müqaviləli özəl tibb müəssisələrində xidmət ilə bağlı xətti (1542-2), göndərişlərin verilməsi ilə bağlı xətti (1542-3), koronavirusla bağlı xətti (1542-4) həftəiçi 5 gün 09:00-dan 18:00-dək, operator ilə əlaqə xətti (1542-0) isə 7/24 fəaliyyət göstərir.

 

Exit mobile version