TeatrTəqdimat

Akademik Milli Dram Teatrı və Bolqarıstan Milli Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Teatr Xadimləri İttifaqı, Akademik Milli Dram Teatrı və Bolqarıstan Milli Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb.

Teatrın mətbuat xidmətindən Frame.az-a bildirilib ki, memorandumu Bolqarıstan Milli Teatrının baş direktoru Marius Donkin və Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov imzalayıb.

Azər Paşa Nemətov və Marius Donkin memorandumun qarşılıqlı əməkdaşlıq baxımından böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Qeyd olunub ki, əməkdaşlıq memorandumu Bolqarıstan və Azərbaycanın milli teatrları arasında real, məhsuldar və konkret əməkdaşlığın inkişaf etdirilməsi, yaradıcı və fərdi səviyyələrdə qarşılıqlı tanışlıq və fəaliyyəti, teatrlarda yeni incəsənət platformaları, ideya və formaların yaradılması və onların müzakirəsinin təşkil edilməsi vəzifəsini qarşıya qoyub.

Memorandum, eyni zamanda, klassik və müasir dram əsərlərinin paylaşılması, səhnədə fəaliyyət göstərən yaradıcı komandaların, fərdi teatr peşələri nümayəndələrinin – direktorların, aktyor, səhnə və geyim dizaynerlərinin, insan resursları mütəxəssislərinin və digər səmərəli qarşılıqlı fəaliyyət göstərə bilməsi üçün yeni yolların və formaların axtarılıb-tapılması, yalnız yaradıcılıq sferasında deyil, real teatr məhsulunun, marketinq tədqiqatlarının, ümumi insan resursları strategiyalarının, birgə layihələrin, festival və teatra dair seminarların təbliği sahəsində də ikitərəfli işçi qruplarının yaradılması, Bolqarıstan və Azərbaycan arasında mədəni əlaqələrin inkişafına dəstək olmaq məqsədi daşıyır.

Bolqarıstan teatrının rəhbəri teatrın yaradıcı həyatı, truppa üzvləri ilə tanış olub, ona teatrın nəzdində yeni fəaliyyət göstərən Abbas Mirzə Şərifzadə, Mehdi Məmmədov, Tofiq Kazımov və Adil İsgəndərov səhnələri haqqında məlumat verilib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!