Site icon Frame.az

Akademik Milli Dram Teatrının kollektivi Mahaçqalaya qastrol səfərinə yollanıb

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Mahaçqalaya qastrol səfərinə yollanıb. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, mədəniyyət ocağı öz repertuarında böyük uğurla nümayiş olunan “Ölülər” tamaşası ilə ölkəmizi Xəzəryanı Dövlətlərin Beynəlxalq Milli Teatr Festivalında təmsil edəcək.

Festival Dağıstanın Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və M.Qorki adına Dövlət Respublika Rus Dram Teatrının təşkilatçılığı ilə baş tutacaq.

Festivalda Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistandan olan 18 teatr iştirak edəcək.

Beynəlxalq mədəniyyət tədbirində “Ən yaxşı tamaşa”, “Ən yaxşı mono tamaşa”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı qadın rolu”, “Ən yaxşı kişi rolu” və s. nominasiyalar üzrə mükafatlar təqdim olunacaq.

İlk tamaşa Tatarıstandan olan Tukay adına Atnin Dövlət Dram Teatrının “İtirilən gün”, son nümayiş isə aprelin 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının “Ölülər” əsəri olacaq.

Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı ikihissəli komediya-tamaşa teatrın bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovun quruluşu əsasında səhnələşdirilib. Səhnə əsərinin rejissorları isə Anar Sadıqov və Əlif Cahangirlidir.

Tamaşada görkəmli bəstəkar, SSRİ xalq artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunur.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.

“Ölülər”in Şeyx Nəsrullahı xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə əməkdar artist Anar Heybətovdur.

Tamaşada digər rolları xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Sabir Məmmədov, Əjdər Həmidov, əməkdar artistlər Aslan Şirin, Elşən Rüstəmov, Əli Nur, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Mirzə Ağabəyli, aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Canəli Canəliyev, Elnur Qədirov, Rüstəm Rüstəmov, Mətləb Abdullayev, Xədicə Novruzlu, Ləman İmanova, Rada Nəsibova məharətlə canlandırırlar.

Xronometrajı 130 dəqiqə olan səhnə əsərində rəsmlərin quruluşu Azər Paşa Nemətova məxsusdur.

Əsərdəki mənəvi əsarət, fanatizm və cəhalət böyük cəsarətlə aktyorların ifasında özünəməxsus çalarlarla açılır. Belə ki, yaradıcı heyət Cəlil Məmmədquluzadə düşüncələrini yüksək məharətlə ifa edərək XX əsrin əvvəllərində Azərbaycanda baş verən prosesləri, mövhumat və cahilliyin poetik və dramatik lövhələrini dolğun təcəssüm etdirə bilirlər.

Frame.az

Exit mobile version