FestivallarMədəniyyətTeatrTəqdimat

Akademik Musiqili Teatr növbəti beynəlxalq festivala hazırlaşır

Dekabrın 1-dən 7-dək İran İslam Respublikasının Təbriz şəhərində II Alef Beynəlxalq Teatr Festivalı keçiriləcək.

Dünyanın bir çox nüfuzlu teatrlarının qatılacağı bu festivalda ölkəmizi Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 50 nəfərlik yaradıcı heyəti ilə təmsil edəcək. Sənət ocağının yaradıcı kollektivi festivalda görkəmli bəstəkar, Xalq artisti Fərəc Qarayevin və fransız yazıçısı Samuel Bekketin “Qodonun intizarında” tamaşasını təqdim edəcək. Həmçinin festivalın bağlanış mərasimində dirijor, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin müşayiəti ilə teatrın simfonik orkestri geniş konsert proqramı ilə çıxış edəcək.

Bu barədə teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev məlumat verib.

Bildirib ki, Akademik Musiqili Teatr bu yaxınlarda Albaniyanın Elbasan şəhərində keçirilən XXI ənənəvi “Skampa – 2019” Beynəlxalq Müasir Teatr Festivalında uğurla çıxış edib.

“Elbasan şəhərindəki festivala dünyanın müxtəlif ölkələrindən gələn teatr və incəsənət xadimləri “Qodonunu intizarında” tamaşasını çox yüksək səviyyədə qarşıladılar və hələ də bu barədə xoş sözlər, fikirlər, rəylər söyləməkdədirlər. Türkiyənin tanınmış sənət adamı Tamer Levendlə 21-ci “Skampa” festivalında yaxından tanış olduq. O, tamaşamız haqqında dolğun fikirlər səsləndirdi. Eyni zamanda, festivalda iştirak edən Amerikada yaşayan rejissor, aktyor, Karlos Espinal da bu səhnə əsərindən zövq aldığını Akademik Musiqili Teatrın “Instagram” səhifəsində yazdığı şərhlərdə də vurğuladı və bizə bu gözəl tamaşa üçün minnətdarlığını bildirdi. Əlbəttə, belə sözləri eşitmək bizi çox sevindirir. “Qodonun intizarında” fərqli tamaşadır və bu baxımdan da fəlsəfi duyumu, yüksək intellekti, həyata baxışı fərqli olanlar, reallıqla abstrak dünya arasında sıx əlaqəni, məna çalarlarını tapmağa çalışanlar absurd janrda tamaşanı bəyənə bilirlər. Qeyd edim ki, II Alef Teatr Festivalına bizi bu layihənin direktoru cənab Houman Beignezhad dəvət edib. Tamaşanın quruluşçu rejissoru, əslən İran Respublikasından olan tələbəm, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr diplomçusu Yunis Vəlipurdur”, – deyə Ə.Lalayev söyləyib.

Tamaşada Estraqon (Qoqo), Vladimir (Didi), Poçço, Lakki, Oğlan obrazlarını Əməkdar artistlər Əzizağa Əzizov, Şövqi Hüseynov, aktyorlar – Əliməmməd Novruzov, Hüseyn Əlili və teatrın on beş yaşlı aktyoru Hüseyn Nağıyev ifa edəcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!