AMADA idmançı hüquqlarının qorunmasını daha da gücləndirir

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) elan etdiyi idmançı hüquqları ayı (sentyabr) çərçivəsində idmançı hüquqlarının qorunmasını daha da gücləndirmək məqsədi ilə yeni layihələr həyata keçirir. Növbəti belə addım antidopinq icraatları zamanı idmançı hüquqlarının qorunması və onlara vacib hüquqi yardımın göstərilməsi ilə bağlıdır. Bunun üçün AMADA və “SME HÜQUQ” MMC arasında əməkdaşlıq barədə anlaşma memorandumu imzalanıb. Razılaşmaya əsasən hər il daha 5 idmançı ödənişsiz hüquqi yardımla təmin ediləcək.

Sənədi AMADA-nın direktoru Şəfəq Hüseynli və SME HÜQUQ” MMC-nin direktoru Ruslan Muxtarov imzalayıb.

Şəfəq Hüseynli bildirib ki, idmançı hüquqlarının qorunması AMADA üçün dəyişməz prioritetdir. Təcrübə göstərir ki, antidopinq icraatları zamanı idmançıların hüquqi yardımla təmin edilməsi və proses zamanı düzgün yönləndirilməsi onların gələcək karyerası baxımından çox vacibdir. Antidopinq icraatı zamanı idmançıların hüquqlarının təminatı ilə bağlı AMADA tərəfindən həyata keçirilən beynəlxalq layihənin nəticələri də göstərir ki, bu məsələ dünyada aktualdır.

Ruslan Muxtarov isə bildirib ki, rəhbərlik etdiyi şirkət idmançı hüquqlarının qorunmasına xidmət edən bu əməkdaşlığa böyük əhəmiyyət verir, bunu ədalətli və təmiz idmanın qorunmasına bir töhfə hesab edir.

Qeyd edək ki, 2020-ci ildə AMADA və BM Morrison Partners şirkəti arasında da analoji sənəd imzalanmış və hər il 5 idmançının ödənişsiz hüquqi yardımla təmin edilməsi razılaşdırılmışdı. Son imzalanan sənəddən sonra hər il 10 idmançını ödənişsiz hüquqi yardımla təmin etmək mümkün olacaq ki, bu da mübahisələndirilən antidopinq icraatlarının əhəmiyyətli bir hissəsini təşkil edir.

Xatırladaq ki, AMADA idmançılara ödənişsiz hüquqi yardım layihəsini dünyada ilk dəfə həyata keçirən antidopinq təşkilatlarından biridir və AMADA-nın təcrübəsi bir çox ölkələrin antidopinq qurumları tərəfindən öyrənilirək tətbiq edilir.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: