AmCham Azərbaycanda təhsil və əmək bazarı arasında uyğunsuzluğun aradan qaldırılması məqsədilə layihəyə start verib

AmCham “Azərbaycanda təhsil-əmək bazarı uyğunsuzluğuna təsir edən amillər: işəgötürənlər üçün davamlı həll yollarının tapılması”-na dair tədqiqat layihəsinə start verib.

Layihənin məqsədi məzunlarda, tələbələrin və əmək bazarının universitetdən işə uğurlu keçid üçün vacib hesab etdiyi bacarıqları müəyyən etmək, əmək bazarı ilə universitet təhsili arasında uyğunsuzluğun səbəblərini öyrənmək, o cümlədən problemin həlli üçün tövsiyələr vermək və bunları müvafiq dövlət və özəl qurumlarla bölüşməkdir. Layihənin icraçısı ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı və dosenti cənab Anar Vəliyevdir.

Tədqiqat çərçivəsində işəgötürənlər və şirkətlərin İnsan Resursları menecerlərinin prizmasından baxdıqda məzunların bilik və bacarıqlarında müşahidə olunan çatışmazlıqların müəyyən edilməsi məqsədilə müxtəlif ali təhsil müəssisələrinin tələbələri, inzibati heyət, əmək bazarının nümayəndələri, biznes ictimaiyyəti və digər nüfuzlu assosiasiyaların üzvləri arasında bir sıra sorğular keçiriləcək. Sorğu və müsahibə sualları müasir əmək bazarının tələb etdiyi bacarıqlar ilə ali təhsil müəssisələrində tədris olunan bacarıqları müqayisə etmək üçün nəzərdə tutulub.

Layihənin uğurla həyata keçirilməsi məqsədilə AmCham Azərbaycan bütün üzvlərini ölkədəki məzunların bacarıq səviyyəsinin müəyyən edilməsinə dair sorğuda iştirak etməyə təşviq edir. Qeyd edək ki, təqdim olunan məlumatlar yalnız akademik və peşəkar məqsədlər üçün istifadə olunacaqdır. AmCham Azərbaycanın prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu bildirir ki, ilkin mərhələdə Palatanın əsas öncəliyi sorğudan əldə edilən nəticələr vasitəsilə universitet təhsili ilə əmək bazarı arasında uyğunsuzluğu aşkar etməkdir. O, həmçinin, layihənin yekununda təhsil-əmək bazarı arasında uyğunsuzluqların aradan qaldırılması istiqamətində mühüm irəliləyiş əldə olunacağına dair əminliyini də ifadə edib. Əlavə olaraq, xanım Nəsrullayeva-Müdüroğlu AmCham Azərbaycanın bu sorğuda hər kəsin dəyərli töhfəsini yüksək qiymətləndirdiyini vurğulayıb və Palatanın yaxın gələcəkdə sorğunun nəticələrini ictimaiyyətlə bölüşəcəyini diqqətə çatdırıb!

1996-cı ildə yaradılmış Azərbaycandakı Amerika Ticarət Palatası ölkəmizdə yerləşən xarici və yerli təşkilatların maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya assosiasiyadır. Ölkənin ən böyük və ən nüfuzlu təşkilatlarından olan AmCham Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəaliyyət göstərən 260-dan çox üzv şirkətdən ibarətdir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: