Mobil dünyaTəqdimat

Anlamaq çətin, itirmək asan: kriptovalyuta hansı riskləri özü ilə gətirir?

Kaspersky şirkəti insanların kriptovalyutalara münasibəti ilə bağlı araşdırma aparıb. Məlum olub ki, respondentlərin demək olar ki yarısı (48%) qeyri-sabitlikdən qorxaraq rəqəmsal puldan imtina edib. Üstəlik, respondentlərin 10%-i artıq aktivlərini itirdiyini və nəticədə investisiyalardan imtina etdiyini açıqlayıblar. Kriptovalyuta sahibi olmayan respondentlərin 61%-i vəsait itirmək riski səbəbindən ondan istifadə etməyi düşünmədiyini bildiriblər.

Həmçinin respondentlərin 14%-i kriptovalyutanın dəyərinin heç bir maddi aktivlə təmin edilməməsindən narahatdırlar, respondentlərin 6%-i isə kiberhücumlar nəticəsində şəxsi məlumatların sızması risklərindən qorxurlar.

“Kriptovalyuta sənayesi nisbətən yeni meydana çıxıb. Təəccüblü deyil ki, əsrlər boyu ənənəvi puldan istifadə edən insanlar hələ də onun innovativ analoqlarına etibar etmirlər. Bununla belə, kriptovalyutaların böyük potensialı var. Təhlükəsizliyə diqqət yetirməklə, kriptovalyuta sahibləri maliyyə aktivlərini və şəxsi məlumatlarını itirmək risklərini minimuma endirə və özlərini müvafiq təhlükələrdən qoruya bilərlər. Azərbaycanda müvafiq hüquqi sahənin hələ formalaşma mərhələsində olduğunu nəzərə alsaq, ikiqat diqqətli olmaq lazımdır”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.

Kriptovalyutaların üstünlüklərindən təhlükəsiz istifadə etmək üçün Kaspersky mütəxəssisləri tövsiyə edirlər:

hər bir hesab üçün güclü, unikal şifrələrdən istifadə edin, bununla hesabınızın sındırılmasının qarşısını ala bilərsiniz;

şübhəli e-poçt və linklərdən ehtiyatlı olun: fişinq hücumçularının köməyi ilə təcavüzkarlar qurbanları şəxsi hesab və ya şəxsi məlumatlara giriş üçün hesab məlumatlarını ötürməyə inandırmağa çalışırlar;

kriptocüzdanınızın kilidini açmaq üçün itifadə etdiyiniz şəxsi açarlarınızı heç kimlə paylaşmayın;

rəqəmsal savadlılığa diqqət yetirin: mövcud kibertəhlükələrdən və kriptovalyutadan qorunma təcrübələrindən xəbərdar olun. Mümkün aldatma sxemləri haqqında nə qədər çox bilsəniz, onlara qarşı daha yaxşı mübarizə apara biləcəksiniz;

bütün cihazlarda etibarlı təhlükəsizlik həlli quraşdırın. Məsələn, Kaspersky məhsulları kriptovalyutalarla bağlı təhlükələrin, o cümlədən kriptovalyuta mədənçiliyi üçün kompüterin icazəsiz istifadənin qarşısını alır.

* Sorğu Kaspersky-nin sifarişi ilə Arlington Research şirkəti tərəfindən 16 ölkədə aparılıb və Avstriya, Braziliya, Kolumbiya, Fransa, Almaniya, Hindistan, Malayziya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, İspaniya, İsveçrə, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və ABŞ-da ümumilikdə 12 min insanı əhatə edib.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!