Site icon Frame.az

ASAN Beynəlxalq Assosiasiyasının rəsmi şəxslərinin növbəti görüşü keçirilib

23 dekabr 2020-ci il tarixində ASAN Beynəlxalq Assosiasiyasını təmsil edən dövlətlərin yüksək səviyyəli ekspertlərinin videokonfrans formatında növbəti görüşü keçirilib.

Görüşün məqsədi “ASAN Assosiasiyası”nın yenilənmiş Əsasnamə layihəsinin müzakirəsi və sənədin imzalanması məqsədi ilə üzv ölkələrin dövlətdaxili prosedurlarına ötürülməsi olub.

Görüşdə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov tədbir iştirakçılarını salamlayaraq Assosiasiyanın  mahiyyətindən və  görüşün önəmimdən söz açıb.

İştirakçılara o cümlədən, Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü barədə ətraflı məlumat verilib. Ermənistan işğalının və hücumlarının dövlət xidmətlərinin göstərilməsi kontekstində yaratdığı problemlərdən, eyni zamanda mülki əhaliyə və şəhər infrastrukturna dəymiş genişmiqyaslı zərər barədə bəhs olunub. İşğaldan azad olunmuş ərazilərimizdə vətəndaşların dövlət xidmətlərinə bərabər çıxışının təmin edilməsinin qarşımızdakı ən mühüm hədəflərdən biri olması da vurğulanıb.

“Dövlət xidmətləri göstərən qurumların ASAN Beynəlxalq Assosiasiyası”nın yaradılması barədə Niyyət Bəyannaməsi 2019-cu ilin iyun ayında Bakıda təşkil olunmuş BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində imzalanıb. Bəyannaməni Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Əfqanıstan, İndoneziya, Mərakeş, Monteneqro, Türkiyə və Uqandanın dövlət xidmətləri göstərən müvafiq nazirliklərinin rəhbərləri imzalayıblar.

Assosiasiyanın Əsasnamə layihəsi Dövlət Agentliyinin ekspert qrupu tərəfindən hazırlanaraq müvafiq ölkələrə baxılmaq üçün göndərilib. Niyyət Bəyannaməsinin ətraflı müzakirəsi məqsədi ilə ötən ilin dekabrında müvafiq ölkələrin iştirakı ilə yüksək səviyyəli ekspert görüşü təşkil olunub. Bu ilin əvvəlində Əsasnamə layihəsi yenilənərək iştirakçı tərəflərə göndərilib.

“ASAN Beynəlxalq Assosiasiyası”nın yaradılmasında məqsəd üzv ölkələr arasında dövlət xidmətlərinin səmərəli idarə edilməsi sahəsində yaranan aktual problemlər və müasir çağırışların həll edilməsi yolları və vasitələrinin müzakirəsidir. Həmçinin strategiya və onun reallaşdırılması çərçivəsini yaratmaq məqsədilə mütəxəssislər və ekspertlərin institusional şəbəkəsini təşkil etmək, habelə dövlət xidmətlərinin gələcək inkişaf istiqamətlərini müəyyən etmək əsas prioritetlərdir.

Frame.az

Exit mobile version