EventsTəqdimat

ASAN könüllüləri “Tullantısız Dünya” proqramı üzrə fəaliyyətə başlayıblar

Aprelin 28-də Şamaxı şəhərində “Tullantısız Dünya” proqramı çərçivəsində icra olunacaq layihəyə start verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Frame.az-a bildirilib ki, qlobal proqram ölkəmizdə plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması məqsədilə “Coca-Cola” şirkəti tərəfindən icra olunur.

“Coca-Cola” Fondunun dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və yerli icra hakimiyyətlərinin əməkdaşlığı ilə həyata keçirilən layihə növbəti mərhələlərdə Gəncə, Sumqayıt, Mingəçevir, Qəbələ və Quba şəhərlərində təşkil ediləcək.

“Tullantısız Dünya” proqramı çərçivəsində ekoloji rəy sorğuları keçiriləcək. Layihə üzrə sorğunun aparılmasında məqsəd əhali arasında təkrar emala və tullantıların çeşidlənməsinə münasibəti öyrənmək, eləcə də onların çeşidləmə ilə bağlı təkliflərini toplamaq və bu dinamikanı ilbəil izləməkdir. Toplanmış və emal edilmiş sorğu nəticələri əsasında müvafiq addımların atılması üçün aidiyyəti qurumlarla birlikdə effektiv mexanizmlər işlənib hazırlanacaq. Pilot olaraq plastiklərin toplanmasını ehtiva edən həmin layihə gələcəkdə digər qablaşdırma tullantılarının da toplanmasını və təkrar emala göndərilməsini planlaşdırır.

Müxtəlif əhali qrupları və ictimai-iaşə müəssisələri arasında maarifləndirmə işləri ilə yanaşı, məktəblilər üçün də xüsusi proqramlar təşkil ediləcək, onların bu istiqamətdə məlumatlılığının artırılması üçün qabaqcıl maarifləndirmə təcrübələrindən istifadə olunacaq.

Tədbirdə könüllülərin təqdimatında məktəblilər üçün maarifləndirici “Tıq-tıq xanım” ekotamaşası nümayiş etdirilib və mədəniyyət carçılarının musiqi nömrələri ifa olunub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!