IqtisadiyyatTəqdimatƏn SonƏn Son

“ASAN xidmət”lə BMT arasında uğurlu əməkdaşlıq davam edir

İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Frame.az-a bildirilib ki, Ülvi Mehdiyev dövlət xidmətlərinin göstərilməsində, elektron hökumət sahəsində BMT və onun müvafiq sahə üzrə fəaliyyət göstərən institut və bölmələri ilə ölkəmiz, eləcə də Dövlət Agentliyi arasında əlaqələrin güclənməsində verdiyi töhfələrə görə qonağa təşəkkür edib. Ölkəmizdəki fəaliyyət müddətinin yekunlaşması ilə əlaqədar Dövlət Agentliyinin sədri səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə, həmçinin BMT ilə Dövlət Agentliyi arasında davam edən uğurlu əməkdaşlıqdan və həyata keçirilən layihələrdən bəhs edilib. Bundan başqa “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi də məmnuniyyətlə xatırlanıb.

Eyni zamanda, BMT-nin Könüllülər Proqramı (UN Volunteer) ilə mövcud əməkdaşlıq perspektivləri barədə müzakirə aparılıb və bu kontekstdə tərəfdaşlığın daha da genişləndirilməsi zərurətinə toxunulub.

Qonaq “Dövlət Xidmətləri Göstərən Qurumların ASAN Beynəlxalq Assosiasiyası” barədə də məlumatlandırılıb.

Səfir “ASAN xidmət”in Azərbaycanın dünya səviyyəsində tanınmış brendi olduğunu qeyd edərək bu təcrübənin digər ölkələrlə bölüşülməsinə bundan sonra da dəstək verəcəyini vurğulayıb.

Sonda qonağa “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim edilib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!