Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində Aşıq Şəmşirin 125 illik yubileyinə həsr edilmiş gecə keçiriləcək.
Martın 28-də Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” adlı möhtəşəm layihə çərçivəsində XX əsrin Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri –Aşıq Şəmşirin 125 illik yubileyinə həsr edilmiş “Aşıq Şəmşir şeiri” adlı tədbir keçiriləcək.
Aşıq Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib. Ağdabanlı Qurban Aşıq Ələsgərin müasiri və dostu idi.
Sənətkar ailəsində doğulan Şəmşir çox keçmədən el yığıncaqlarında tanınmağa başladı. Miskin Abdal nəslinin davamçısı olan Dədə Şəmşiri bütün Azərbaycana daha yaxından tanıdan böyük Səməd Vurğun olub. İstisu yaylaqlarında istirahət edən görkəmli şair günlərin birində özünəməxsus səsi, sözü və çalğısı olan bir ozanla – Aşıq Şəmşirlə tanış olur və ona məşhur qoşmasını həsr edir.
Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdı. Onun 40-dan artıq şəyirdi vardı. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin və bu gün çoxlarının yaxşı tanıdığı onlarla saz-söz sənətkarlarının yetkinləşməsində, kamilləşməsində Aşıq Şəmşir məktəbinin əvəzsiz rolu olub. Bu məktəb təkcə aşıq sənətinə deyil, ümumən saz-söz sənətinə təsir göstərməklə Bəhmən Vətənoğlu, Sücaət kimi şairlərin yetişməsinə münbit zəmin yaradıb.
Şəmşirin qeyri-adi səsi və çalğısı saz-söz sərrafı olan Kəlbəcər ellərində yüksək dəyərləndirilir, ustad sənətkarın orijinal ifaçılığı və şairliyi heç kəslə müqayisə edilmirdi. Nə yaxşı ki, fitrət sahibinin lent yazıları bu günümüzəcən gəlib çatıb.
İlk dəfə musiqişünas Əminə Eldarova Aşıq Şəmşirin ifasında 75 aşıq havasını lentə köçürüb. İndi Azərbaycan Dövlət Radiosunun qızıl fondunda mühafizə olunan bəzi lent yazıları aşığın Əminə xanım tərəfindən 1958-ci ildə yazılan saz havalarıdır.
Aşıq Şəmşirin “Şerlər” adlı ilk kitabı 1959-cu ildə “Akademiya” nəşriyyatı tərəfindən buraxılıb .Sonralar müəyyən fasilələrlə ustad sənətkarın “Qoşmalar”, “Seçilmiş əsərləri”, “Dağ havası”, “Şerlər”, “Öyüdlər” və s. kitabları işıq üzü görüb.
Aşıq Şəmşirin həyat və yaradıcılığına həsr olunmuş ”Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir” (Osman Sarıvəlli, 1973), “Saxla izimi, dünya” (Məmməd Aslan, 1989), “Dədə Şəmşir yaddaşlarda” (Qənbər Şəmşiroğlu, 2000) kitabları vardır.
Şəmşir 1980-ci ildə, 87 yaşnda dünyasını dəyişib.
“Aşıq musiqisi axşamları”(12 yanvar-16 may) layihəsinin məqsədi Azərbaycanın qədim musiqi irsi olan aşıq musiqisinin geniş ictimaiyyət arasında təbliğindən ibarətdir.Aşıq musiqisi xalqımızın genetik kod yaddaşı olaraq özündə dil,ədəbiyyat və musiqi elementlərini birləşdirir.Aşıq musiqisi özündə xalqın qəhrəmanlıq mübarizəsini əks etdirən epik dastanları,məhəbbət,dostluq kimi gözəl insani hissləri ehtiva edən poeziyanı,saz havalarını tərənnüm edir.2009-cu ildə Azərbaycan aşıq sənəti YUNESKO-nun reprezentativ qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.
Layihə çərçivəsində “Koroğluya qayıdaq”,”Aşıq Ələsgərin saz-söz dünyası” və “Zərif əllər,incə tellər” adlı tədbirlər keçirilib,aprelin 12-də “Yada salaq Aşıq Ədaləti”,mayin 16-da isə “Yeni səslər,qədim havalar” adlı tədbirlər keçiriləcək.
Layihə Azərbaycan Aşıqlar Birliyinin dəstəyi ilə keçirilir.
Biletləri şəhərimizin kassalarından,”ASAN xidmət” mərkəzlərindən və iticket.az saytından əldə edə bilərsiniz.
Frame.az