Azərbaycan komandası ilk dəfə Avropa Qızlar İnformatika Olimpiadasında!

Azərbaycanlı məktəblilər “Azercell Telekom” MMC-nin dəstəyi ilə ilk dəfə “EGOI 2022” – Avropa Qızlar İnformatika Olimpiadasında iştirak edəcəklər. 16-23 oktyabr 2022-ci il tarixində Türkiyənin Antalya şəhərində təşkil olunacaq beynəlxalq müsabiqədə ölkəmiz dörd məktəbli qızdan ibarət komanda ilə təmsil olunacaq.

Komandada Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Nəzrin Qasımova (9-cu sinif) və Fidan Qarayeva (11-ci sinif), həmçinin Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Fidan Hüseynova (11-ci sinif) və Leyla Hacızadə (9-cu sinif) təmsil olunurlar. Məktəblilər informatika üzrə Respublika Fənn Olimpiadalarının finalçıları arasından seçiliblər. Yarışmada komanda üzvlərini iki təlimçi müşayiət edəcək.

Proqramlaşdırma üzrə yeni yarışma olan “EGOI 2022” – Avropa Qızlar İnformatika Olimpiadası ilk dəfə ötən ilin iyununda İsveçrədə keçirilib. Beynəlxalq İnformatika Olimpiadasına oxşar qaydalar əsasında təşkil olunan bu yarışmanın gənc xanım iştirakçıları təqdim olunan tapşırıqları effektiv alqoritmlər hazırlayaraq həll etməlidirlər.

“Azercell Telekom” MMC 2017-ci ildən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində məktəblilərin informatika üzrə beynəlxalq yarışlara hazırlıq prosesində iştirak edir. Lider mobil operator İnformasiya Texnologiyaları sahəsi üzrə təhsilə dəstək, indi isə artıq qızların da informatika fənninə qarşı marağının artırılması, onların İKT sahəsinə cəlb olunaraq gələcək mütəxəssis kimi yetişdirilməsi baxımından bu əməkdaşlığa olduqca yüksək qiymət verir. Qeyd edək ki, şirkət qızların potensial və bacarıqlarını üzə çıxarmaq məqsədilə müxtəlif tədbirlər keçirir, önəmli sosial layihələrə imza atır.

Azercell bütün məktəbli qızları və onların valideynlərini qarşıdan gələn 11 oktyabr Beynəlxalq Qızlar Günü münasibəti ilə təbrik edir, daima inkişaf yolunda uğurlar arzulayır!

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: