Aprelin 19-da Azərbaycan Milli Xalça Muzeyində Yelena və Ucal Haqverdiyevlərin yaradıcılığına həsr olunmuş “Bir taleli iki insan” sərgisinin açılış mərasimi keçiriləcək. Sərgidə ömürləri boyu bir-birinə və onları birləşdirən sənətə sonsuz sevgi ilə bağlı olan iki rəssamın 54 ədəd rəngkarlıq və tətbiqi sənət əsərləri nümayiş etdiriləcək.
Burada yüksək bədii zövqü, xüsusi fərdi üslubu ilə seçilən Yelena Haqverdiyevanın Səfəvi saray xalçalarını, ov və bağ səhnələrini xatırladan təsvirlərlə, mənzərələr, natürmortlar, sevgililərin obrazları ilə zəngin “Xalça bağları” silsilə əsərləri təqdim olunacaq.
Sərgidə tamaşaçılar rəngkarlıq və qrafika, monumental rəssamlıq, poeziya, həmçinin tətbiqi sənət üzrə çoxşaxəli yaradıcılığa malik Ucal Haqverdiyevin istedadının yeni aspektləri ilə tanış olacaqlar. Belə ki, ilk dəfə rəssamın müəllifi olduğu bədii tikmələr, keramika məmulatları, ağac və daş üzərində işləri geniş ictimaiyyətə təqdim ediləcək.Ucal Haqverdiyevin əsərləri arasında müqəddəslərin ikonoqrafiyası, İtaliya İntibahı üslubunda yaratdığı həyat yoldaşı Yelenanın portretləri, süjetli səhnələr və böyük modernist rəssamların əsərləri ilə assosiasiya doğuran kompozisiyalar üstünlük təşkil edir. Onun keramika və ağacdan əsərlərinin böyük əksəriyyəti isə heyvan təsvirləridir.
Açılış mərasimində layihə çərçivəsində 3 dildə hazırlanmış “Bir taleli iki insan” adlı kataloqun təqdimatı da keçiriləcək. Tədbirdə həmçinin Haqverdiyevlər ailəsinin arxiv fotolarından ibarət video-çarx, sərginin kuratoru, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovanın, rəssam Yelena Haqverdiyevanın iştirakı ilə çəkilmiş video nümayiş olunacaq.
İyunun 19-dək davam edəcək sərgi çərçivəsində muhazirələr, ustad dərsləri təşkil ediləcək.