Azərbaycan Milli Xalça Muzeyinin yaranmasının 55 illiyi qeyd edilib

Noyabrın 17-də dünyanın ilk xalça muzeyi olan Azərbaycan Milli Xalça Muzeyinin yaranmasının 55 illiyi münasibətilə tədbir təşkil edilib.

Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək Azərbaycan Milli Xalça Muzeyinin yaranma tarixindən, həmçinin yeni eksponatlar barədə məlumat verib. Bildirib ki, tədbir Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salındığı, həmçinin görkəmli alim, xalçaçı-rəssam, Xalça Muzeyinin banisi Lətif Kərimovun anadan olduğu tarixdə keçirilir: “Pasha Holding”in maliyyə dəstəyi ilə əldə olunmuş Qarabağa aid bədii tikmə nümunəsi kompozisiyasının quruluşu, rəng ahəngdarlığı və s. cəhətdən Azərbaycan tikmələrini fərqləndirən bütün əsas xüsusiyyətləri özündə əks etdirir. XVI əsrə aid bu cür kompozisiyalı tikmələr Səfəvi saray emalatxanalarında hazırlanır və dövrün yüksək dəyərli dekorativ-tətbiqi sənət əsəri sayılırdı. XVII–XVIII əsrlərdə bu tikmələrə olan böyük tələbatı nəzərə alaraq, Bərdə, Naxçıvan, Şamaxı kimi bir çox şəhərlərin emalatxanalarında onlardan bəhrələnməklə yeni nümunələr yaradılıb”.

Muzeyin öz hesabına “Bonhams” hərrac evindən aldığı qızıl sırğaların isə mina və basmaqəlib texnikasında Təbrizdə hazırlanmasından danışan muzeyin direktoru, öz dövründə çox məşhur olan, ayrı-ayrı müstəqil elementlərdən ibarət çoxhissəli bu növ sırğaların varlı, dəbli xanımların taxaraq, baş örtüyündən nümayişkaranə çıxarmalarını bildirib. “Qadınlar yeridikcə sırğanın asmalarının zərif cingiltili səsi eşidilər, qədim inanca görə isə bu səs şər qüvvələri onlardan uzaqlaşdırardı. Azərbaycan Milli Xalça Muzeyi ötən illər ərzində milli irs nümunələrinin qorunub-saxlanılması və təbliği ilə yanaşı, kolleksiyalarının zənginləşdirilməsi işində də böyük nailiyyətlərə imza atıb. Təqdim olunan nadir sənət nümunələri muzeyin 2022-ci ildə bu istiqamətdə fəaliyyətini uğurla davam etdirdiyini göstərir”, – deyə Ş.Məlikova vurğulayıb.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva muzey iştirakçılarını tədbir münasibətilə təbrik edərək, 17 noyabr tarixinin Azərbaycan xalça sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyi gün, həmçinin görkəmli alim, xalçaçı rəssam, Xalça Muzeyinin banisi Lətif Kərimovun doğum günü olduğunu vurğulayaraq deyib: “Məlumdur ki, xalçaçılıq sənəti Azərbaycan xalqının yaradıcılıq irsinin ən parlaq nümunələrindəndir və ən qiymətli maddi-mədəni sərvətidir. Azərbaycan xalça sənəti özündə xalqın estetik dünyagörüşünü, bədii istedadını əks etdirir. Böyük tarixi inkişaf yolu keçən Azərbaycan xalçaları bu gün də elm kimi öyrənilir, tədqiq olunur və sorağı dünyamın ən məşhur muzeylərindən gəlir. Ölkəmizdə xalça sənətinin inkişaf etdirilməsi və qurunmasına dövlət tərəfindən xüsusi diqqət göstərilir”.

Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva muzeyin direktoru başda olmaqla bütün muzey əməkdaşlarını, tədbir təşkilatçılarını və xalça sənətinə aid olan və bu sənəti sevən hər kəsi təbrik edərək, belə bir tədbirlərin önəmindən danışıb: “Bu gün gözəl bir gündür, biz Azərbaycan Milli Xalça Muzeyinin 55 illiyini qeyd edirik. Xalçaçılıq sənəti çox önəmli bir sənətdir. Çünki bu sənətdə bizim tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız, zövqümüz, düşüncəmiz və fikrimiz var. Bu mənada xalçaçılıq sənətinin inkişafı hamımız üçün çox önəmli bir məsələdir. Azərbaycan Xalça Muzeyi 55 il bundan əvvəl yaradılıb. Etiraf etməliyik ki, bizim xalçaçılıq sənətinin dünyaya daha geniş şəkildə tanıdılması müstəqil dövlətçiliyimizin yenidən bərpası ilə bağlıdır”.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və “Pasha Holding”in şöbə müdiri Nazim Səfərov də bugünkü tədbir münasibətilə bütün iştirakçıları və xalçaçıları təbrik edərək xoş arzularını diləyib.

Sonra muzeyin kolleksiyasına yeni daxil olan eksponatların – XVIII əsrin əvvəlinə aid bədii tikmə və XIX əsrin ikinci yarısına aid iki cüt sırğanın təqdimatı olub. Eyni zamanda Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovaya və muzeyin digər əməkdaşlarına Mədəniyyət Nazirliyi tərəfindən fəxri fərmanlar təqdim olunub.

Sonda lotereya keçirilərək qaliblərə muzey tərəfindən xalça mükafatı və digər müxtəlif hədiyyələr verilib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: