FutbolIdmanTəqdimat

Azərbaycan millisi UEFA Millətlər Liqasında ardıcıl ikinci qələbəsini qazanıb

Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında ardıcıl ikinci qələbəsini qazanıb.

Millimiz C Liqasının üçüncü qrupunda Slovakiya yığmasının qonağı olub.

Şotlandiyalı baş hakim Uilyam Kollamın idarə etdiyi matçın 16-cı dəqiqəsində Renat Dadaşov, 32-ci dəqiqəsində isə Riçard Almeyda hesabı açmağa yaxın olsalar da, zərbələrində dəqiqlik çatmayıb. Əzmkar oyun nümayiş etdirən yığmamız 44-cü dəqiqədə istəyinə nail olub. Belə ki, Ozan Can Kökçünün ötürməsini Renat Dadaşov baxımlı qolla tamamlayıb. Beləliklə, Azərbaycan yığması fasiləyə minimal hesablı üstünlüklə yollanıb – 1:0.

İkinci hissəyə Slovakiya millisi daha fəal başlayıb. Qarşılaşmanın 58-ci dəqiqəsində Laslo Beneş, 65-ci dəqiqədə Kristian Vallo, 70-ci dəqiqədə David Hantsko hesabı bərabərləşdirməyə yaxın olublar. Ancaq rəqib son dəqiqələrdə buna nail olmağı bacarıb. Əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə Erik Yirka penaltini dəqiq yerinə yetirərək, tarazlığı bərpa edib. Buna baxmayaraq, Azərbaycan millisi inamlı oyun nümayiş etdirərək 2 dəqiqə sonra qələbə qolunu vura bilib. Höccət Haqverdi künc zərbəsindən sonra topu qapıdan keçirib.

Beləliklə, görüş Azərbaycan millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu səfər qələbəsi yığmamıza C Liqasında yerini təmin etmək imkanı verib.

Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 25-də altıncı – sonuncu turda Qazaxıstanı, Slovakiya isə Belarusu qəbul edəcək. Qazaxıstan 13 xalla qrup lideri kimi B Liqasına vəsiqə qazanıb. Hesabında 7 xalla olan Azərbaycan millisi turnir cədvəlində ikinci pilləyə yüksəlib. Slovakiya 6 xalla üçüncü, Belarus isə 2 xalla sonuncu pillədə qərarlaşıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!